Keçid linkləri

Təcili xəbərlər
2020, 08 Avqust, şənbə, Bakı vaxtı 10:04

ABŞ-da daha bir koronavirus rekordu


Texasda tibb işçisi

Gündəlik yoluxmalarda ən böyük artım Florida, Cənubi Karolina və Texasdadır

İyulun 16-da Birləşmiş Ştatlarda koronavirusa gündəlik yoluxmalarda daha bir rekord qeydə alınıb – 77 mindən çox yoluxma təsdiqlənib, ölü sayı minə yaxınlaşıb.

Gündəlik yoluxmalarda ən böyük artım Florida, Cənubi Karolina və Texasdadır. ABŞ-ın cənub və qərb ştatlarında xəstəxanalar dolur, ölü sayının daha da artacağı gözlənir.

Arizonanın Feniks, Texasın isə San Antonio şəhərlərində rəsmilər cəsədlərin saxlanması üçün xüsusi soyuducu maşınları hazır ediblər, çünki morqlar dolmaq üzrədir. Texas-Meksika sərhədində də oxşar durum yaranıb.

20 faizədək yoluxma

Apreldə Nyu Yorkda virus güclənəndə gündəlik ölü sayı 2 min 200 civarında idi, iyunda isə 700-dən də aşağı düşmüşdü.

Ölkə üzrə müsbət çıxan testlərin sayı 8,8 faiz, bəzi yerlərdə hətta 20 faizdir.

Yoluxucu xəstəliklər üzrə ekspertlər 5 faizdən artıq yoluxmanı narahatedici hesab edirlər.

İndiyədək Birləşmiş Ştatlarda 3,6 milyonadək yoluxma, 138 mindən artıq ölüm qeydə alınıb.

Aparıcı səhiyyə rəsmiləri xəbərdarlıq edirlər ki, gündəlik yoluxmalar tezliklə 100 minə qalxaq bilər. Artıq bir sıra ştatlar iqtisadiyyatları təkrar açmaq qərarlarını ya dayandırıb.

Hazırda ölkədə məktəblərin, bizneslərin yenidən açılması məsələləri üzrə fikir ayrılığı var, hətta ictimai yerlərdə maska taxmaq məsələsi də siyasiləşib.

50 ştatın yarısı maskanı məcburi edib. Məcburi olmayan ştatlarda isə bir çox yerli hökumət və şirkətlər vətəndaşlardan maska taxmağı tələb edirlər.

Corciya ştatında azı 15 şəhər və dairənin rəsmiləri maskanı məcburi edib, qubernator isə bu addımlara qarşı çıxır, məhkəmə iddiası qaldırıb.

Johns Hopkins Universitetinin hesablamasına görə, dünyada COVID-19-a 13,8 milyon yoluxma təsdiqlənib, 590 minədək xəstə vəfat edib.

Real rəqəmlərin daha yüksək olduğu düşünülür.

Cənubi Afrika və digər ölkələr

Cənubi Afrika dünyada təsdiqlənmiş yoluxmalara görə altıncı yerə çıxıb, Meksika və Çilini geridə qoyub. Səhiyyə Nazirliyi 4 min 669 nəfərin vəfat etdiyini bildirir.

Cənubi Afrikanın 57 milyonluq əhalisinin 14 faizə yaxını İİV/QİÇS-ə yoluxduğundan immun sistemi zəif olanların virus qarşısında acizliyi narahatlıq doğurur.

ABŞ-dan sonra ikinci yerdə olan Braziliyada 2 milyondan artıq yoluxma təsdiqlənib, 77 minədək xəstə vəfat edib. Mayın sonundan ölkədə günə min civarında ölüm qeydə alınır.

Hindistanda yoluxmalar 1 milyonu keçib və dünyada üçüncü yerdədir, ölü sayı isə 26 minə yaxınlaşır. Bəzi vilayətlərdə karantin yenidən tətbiq olunur, 125 milyondan çox əhalisi olan Bihar da bu sıradadır.

Fransa gələn həftədən qapalı məkanlarda maska taxmağı məcburi edib.

Avstraliyanın əhali sıxlığına görə ikinci olan Vikoriya əyalətində günə rekord- 428 yoluxma qeydə alınıb. Bu əyalət ölkənin qalan hissəsindən təcrid olunub. Avstraliyanın ikinci böyük şəhəri olan Melburnda əhaliyə evdən ancaq vacib işlər üçün çıxmağa icazə verilib.

Şərhlər

XS
SM
MD
LG