Naməlum hakerlər Twitter-də bir sıra məşhurların hesablarına hücum ediblər, bunun açıq-aşkar bitkoyn kriptovalyuta fırıldağı olduğu düşünülür.
İyulun 15-də hücuma məruz qalan hesablar içində ABŞ-da prezidentliyə namizəd Joe Biden, keçmiş prezident Barack Obama-nın hesabları da var.
Bundan başqa, Tesla şirkətinin rəhbəri Elon Musk, Amazon-un qurucusu Jeff Bezos, Microsoft-un həmtəsisçisi Bill Gates-in hesabları da hücuma məruz qalıb.
Haker hücumunun tanınmışlar, jurnalistlər, xəbər agentlikləri, hökumətlər, siyasətçilər, dövlət başçıları və fövqəladə xidmətlərin təsdiqlənmiş hesabları hədəf aldığı görünür. Ancaq məsələn, Prezident Donald Trump-ın hesabı salamatdır.
100 min dollar
İnsidentə reaksiya verən Twitter dərhal aldadıcı mesajları silib, istifadəçilərin hesablarından istifadəni bir neçə saatlığa məhdudlaşdırıb.
Bəzi hallarda hesablardan çoxsaylı saxta mesajlar göndərilib ki, bu da Twitter-in vəziyyətə nəzarətinin zəif olduğunu göstərib.
İstifadəçilərin hesablarından göndərilən mesajlar digər istifadəçiləri link vasitəsilə bitkoyn göndərməyə sövq edib.
“İcmaya qazandırıram. Aşağıdakı ünvana göndərdiyiniz bitkoyn sizə ikiqat qayıdacaq! 1000 dollar göndərsəniz, sizə 2000 dollar göndərəcəyəm. Bunu 30 dəqiqə ərzində edəcəksiz”, – keçmiş vitse-prezident Joe Biden-in hesabında yazılıb.
Digər hesablarda da oxşar mesajlar görünüb.
İyulun 15-də axşamadək bu tvitlərə bağlı bitkoyn hesablarının 100 min dollardan artıq məbləğdə rəqəmsal valyuta əldə etdiyi xəbər verilir.
Adətən, individual hesablar hücumlara məruz qalır, ancaq bu dəfə hücumun koordinasiyalı olması hakerlərin Twitter-in daxili infrastrukturuna çıxış əldə etmə ehtimalını göstərir.
Ən pis haker hücumu
“Bu, böyük sosial media platformasında indiyədək baş vermiş ən pis haker hücumudur”, – CrowdStrike kibertəhlükəsizlik şirkətinin həmtəsisçisi Dmitri Alperovitch deyib.
Synopsys təhlükəsizlik şirkətindən Michael Borohovski “Reuters”ə deyib ki, hakerlərin sistem səviyyəsində çıxış əldə etdiyi ehtimalı var.
“Hakerlər Twitter-in daxilinə, yaxud birbaşa databazasına çıxış əldə ediblərsə, onda onları data oğurlamaqdan potensial olaraq heç nə saxlaya bilməz”, – o vurğulayıb.
Twitter rəhbəri Jack Dorsey şirkətin problemi araşdırdığını bildirib.
“Bu gün Twitter üçün çətin gündür. Bunun baş verməsinə görə özümüzü çox pis hiss edirik”, – o, tvitində yazıb.