Keçid linkləri

Təcili xəbərlər
2020, 09 Avqust, bazar, Bakı vaxtı 12:38

Rəhim Qazıyevə cinayət işi açılıb


R.Qazıyev

Keçmiş müdafiə naziri Rəhim Qazıyev şübhəli şəxs qismində saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə cinayət işi başlanılıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

R.Qazıyev iyulun 12 və 13-də Azərbaycan-Ermənistan sərhədində döyüş əməliyyatlarının aparıldığı bir vaxtda "məqsədyönlü şəkildə" sosial şəbəkələr vasitəsilə hadisələrin mahiyyəti barədə "aşkar surətdə həqiqətəuyğun olmayan" xəbərlər yaymaqda suçlanır.

"Sabiq müdafiə naziri Rəhim Qazıyevin... Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunmuşdur", - məlumatda bildirilir.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində atəşkəs pozulub. Azərbaycan tərəfi dörd hərbçinin ölməsi, dördünün yaralanması haqda məlumat yayıb.

Keçmiş müdafiə nazirindən xəbər yoxdur

İyulun 13-də keçmiş müdafiə naziri Rahim Qazıyevin yaşadığı evinin qarşısında mülkigeyimli şəxslər tərəfindən saxlanıldığı bildirilir.

Bu barədə "Turan"a jurnalist Əvəz Zeynallı məlumat verib: ​"Rəhim bəyin qızı mənə dedi ki, səhər saat 10-da onu yaşadığı binanın yanında mülkigeyimli şəxslər saxlayıb aparıblar. İndiyədək ondan heç bir məlumat yoxdur, telefonuna zəng çatmır".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG