Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:59

Həcc ziyarətinə yığdığı pulu xəstəxanaya bağışlayıb


Kəbə, 23 iyun, 2020-ci il
Kəbə, 23 iyun, 2020-ci il

Orta Asiyada çoxsaylı müsəlman illərlə pul yığır ki, Həcc ziyarətinə getsin. Bu il Səudiyyə Ərəbistanı koronavirus pandemiyasına görə ziyarəti təxirə salıb. İndi çoxları bilmir yığdığı pulu gələn ilin ziyarəti üçün saxlasın, yoxsa ianə versin.

Səudiyyə hakimiyyəti bildirib ki, bu il ancaq ölkənin rezidenti olan minədək zəvvara ziyarət izni veriləcək. Ziyarət etmək istəyənlərin yaşı 65-dən aşağı olmalı, öncə koronavirus testindən keçməlidirlər.

Tacikistandan həkim Shirin Nazirmadova müsəlmanlar üçün vacib əməl sayılan Həcc ziyarətinin pulunu illərlə qənaətlə yığıb. 60 yaşlı həkim AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, bir il də gözləməyəcək, yığdığı pulu yerli Farxor rayon xəstəxanasına ianə edib ki, tibb ocağı koronavirusla mübarizə üçün lazımlı avadanlıq alsın.

Xəstəxana artıq həmin pula şəxsi qoruyucu ləvazimat (PPE), dərman, antiseptiklər alıb. 9,5 milyon əhalisi olan Tacikistan xəstəxanalarında PPE çatışmazlığı var.


Elə Nazirmadova da virusla savaşda ön cəbhədədir. Bu il Məkkədə Kəbəni ziyarət etmək, şeytanı daşlamaq əvəzinə Farxor xəstəxanasında COVID-19 xəstələrini müalicə edəcək.

3 min 700 dollar

Bu il Səudiyyədə ağ həcc libasına üz örtüyü və əlcək də əlavə olunacaq. İyulun 7-dək krallıqda 217 min nəfərin virusa yoluxduğu təsdiqlənib, 2 mindən çox xəstə vəfat edib.

Ötən il həcc ziyarətinə 2,5 milyon zəvvarın getdiyi bildirilir.

Tacikistanla Səudiyyə arasında sərt kvota sistemi səbəbindən taciklər həccə getməkdən ötrü bəzən 5-6 il gözləməli olurlar. İllik kvota 6 mindir, ancaq müraciətlərin sayı bundan qat-qat çox olur. Orta Asiyanın digər ölkələrində də oxşar növbələr yaranır.

Ziyarət adətən adambaşına 3 min 700 dollara başa gəlir. Tacikistandan kənd həkiminin aylıq məvacibi isə 150 dollara yaxındır.

Tacikistanın dini işlər komitəsinin sözçüsü Afshin Muqim radioya deyib ki, 2020-ci ildə həccə getməli olanlara, istərlərsə, gələn il daha bir şans veriləcək. Ancaq o, qiymətin dəyişməyəcəyinə zəmanət verməyib. Bugünkü qiymətlərlə həcc ziyarəti 38 min somoniyə başa gələcəkdi. Səkkiz il qabaq bu məbləğ 19 min somoni idi.

Tacikistanda maaşlar az, inflyasiya yüksəkdir, yəni gələn il sıravi taciklər üçün ziyarətin daha ucuz başa gələcəyi real görünmür.

Virus gələn ziyarətədək yoxa çıxacaqmı?

Üstəlik, ölkənin namizəd seçimi üçün öz qadağaları var. Zəvvarların yaşı 40-dan yuxarı olmalı, yerli hakimiyyətin yoxlamasından keçməlidirlər.

“Bundan başqa, virusun gələn həccədək yoxa çıxıb-çıxmayacağını bilmirik. Ya da mən o vaxt salamatmı olacağam”, – paytaxt Düşənbədən 15 km qərbdə yerləşən Xirmakan kəndindən 56 yaşlı sürücü Salohiddin Mirzoev deyib.

2015-ci ildə növbəyə yazılan Mirzoev bu il həccə gedəcəkdi. Sürücü maaşı il o da çətinliklə yaşadığını deyir.

“Rusiyada işləyən iki oğlum həccə getməyim üçün pul göndərdi”, – Mirzoev radioya deyib.

“Bu ziyarət hər bir müsəlmanın arzusudur. Ümid edirəm, gələn il gedə bilərəm”, – o vurğulayır.

Bu il Həcc ziyarəti iyulun 28-də axşamdan avqustun 2-dək davam etməlidir.

Azərbaycandan da bu il Həcc ziyarətinə gedən olmayacaq. Ziyarətlə bağlı sənədlərin qəbulu yanvarın 24-dən başlanmışdı. 2020-ci il üçün Həcc ziyarəti kvotası 1500 nəfər təşkil edirdi, ziyarətin qiymətinin isə 4490 ABŞ dolları olacağı bildirilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG