Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Vyanada öldürülən rusiyalı ‘Kadyrov-un tənqidçisi’ imiş


Mamikhan Umarov
Mamikhan Umarov

İyulun 4-də Avstriyanın paytaxtı Vyana yaxınlığında öldürülmüş rusiyalı keçmiş çeçen separatçı, Çeçenistan lideri Ramzan Kadyrov-un tənqidçisi imiş. Bunu Çeçenistan diasporundakı mənbələr AzadAvropa/AzadlıqRadiosu-na deyiblər.

Mamikhan Umarov adlı həmin şəxs Vyanada Anzor kimi tanınıb.

Avstriya hakimiyyəti ancaq onu bildirib ki, 43 yaşlı rusiyalı sığınacaq üçün müraciət edibmiş O, Vyana kənarındakı Gerasdorfda ticarət mərkəzi yaxınlığında parkinq ərazisində güllələnib.

Avstriya polisinin iyulun 6-da bildirməsinə görə, qurban polis mühafizəsindən imtina edib, ancaq mühafizənin nə vaxt, niyə təklif olunduğunu açıqlamayıb.

Avstriya mediası hadisənin mümkün siyasi qətl kimi nəzərdən keçirildiyini yazıb.

Motiv aydın deyil

Regional kəşfiyyat və antiterror orqanı hadisəni araşdırır. Xidmət rəhbəri Roland Scherscher Avstriya Pres Agentliyinə deyib ki, motiv aydın deyil, siyasi motiv, yaxud hansısa mübahisə də mümkün versiyalardır.

İlkin xəbərlərə görə, sözügedən şəxs başından güllələnib, təcili yardım gəlməmiş vəfat edib.

Avstriya hakimiyyətinin Rusiya vətəndaşı kimi təqdim etdiyi şübhəli bir neçə saat sonra paytaxtdan 200 km qərbdə saxlanıb. Hüquq-mühafizə orqanları iyulun 5-də axşam şahid olduğunu düşündükləri daha bir nəfəri saxlayıblar. Dindirildikdən sonra polis onu şübhəli kimi həbs edib. ORF telekanalı başqa məlumat verilmədiyini bildirir.

Polis insidenti araşdırır, motivi müəyyənləşdirməyə çalışır. Qurban üzərində autopsiya aparılıb. Onun sığınacaq üçün müraciətinin 2007-ci ildə Avstriyada tanındığı bildirilir.

Vyanadakı Rusiya səfirliyinin sözçüsü TASS dövlət xəbər agentliyinə deyib ki, hadisəylə bağlı onlarla əlaqə saxlanmayıb.

Müsahibələrində və sosial media postlarında Umarov özünü keçmiş muzdlu, keçmiş de fakto müstəqil İçkeriya çeçen dövlətinin təhlükəsizlik xidmətinin əməkdaşı adlandırıb. O, Rusiyanın təhlükəsizlik qüvvələrini Avropa ölkələrindəki keçmiş çeçen separatçıların qətlində ittiham edirdi.

Hücuma məruz qalmış çeçenlər

İnsan haqları qrupları Çeçenistanı 2007-ci ildən idarə edən Kadyrov-u insan haqları pozuntularında suçlayır, Rusiyada və xaricdəki siyasi və şəxsi rəqiblərinin oğurlanmasında, onlara işgəncə verilməsində, qətlində əli olduğunu deyirlər.

Fevralda çeçen bloqer Tumso Abdurakhmanov İsveçdə hücuma məruz qalıb. Ancaq o, hücum edən şəxsi zərərsizləşdirdiyini bildirib, hakim orqanlara təhvil verib.

2019-cu ilin martında Çeçenistan parlamentinin rəhbəri Magomed Daduyev Abdurakhmanov-a qarşı qan davası elan edib.

Yanvarın 30-da Kadyrovun başqa bir tənqidçisi, bloqer Imran Aliyev Fransada ölü tapılıb. Ona 135 bıçaq zərbəsi endirilmişdi. Prokurorlar əsas şübhəli kimi bu qətldən dərhal sonra Çeçenistan qayıdan bir rusiyalını müəyyənləşdirdiklərini bildiriblər.

2019-cu ilin avqustunda əslən gürcüstanlı olan keçmiş çeçen separatçı döyüşçü Zelimkhan Khangoshvili Berlində güllələnib. Bu iş üzrə Almaniyadakı prokurorlar bir rusiyalıya qətl ittihamı irəli sürüblər, Rusiya hökumətini qətlin sifarişində ittiham ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG