Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 18:42

Kadyrov-un tənqidçisinin qətlində şübhəli Çeçenistana gedib


Imran Aliyev

Rusiyanın Çeçenistan regionunun lideri Ramzan Kadyrov-un tənqidçisinin qətlində şübhəli rusiyalı qətldən dərhal sonra Çeçenistana yollanıb. Bunu fransalı prokurorlar deyirlər.

Bloqer Imran Aliyev-i bıçaqlamazdan öncə onun Belçikadakı evində qaldığı bildirilən “əsas şübhəli”nin Çeçenistanda yaşadığı qeyd olunur, “Frans Pres” martın 3-də xəbər verib.

44 yaşlı Aliyev-ə 135 bıçaq zərbəsi vurulub, o, yanvarın 30-da Fransanın şimalındakı Lil şəhərində otel otağında ölü tapılıb. 2012-ci ildən o, Belçikada qaçqın statusu ilə yaşayırdı.

Hakimiyyət bəyanatında şübhəlinin adını açıqlamır, amma onun “hadisələr baş verən gün Fransanı dərhal tərk etdiyi, Berlinə, oradan Moskvaya uçduğu” vurğulanır.

Şübhəli Rusiya paytaxtından Mineralniye Vodiyə uçub. Bu aeroport Çeçenistan sərhədinin 100 kilometrliyində yerləşir.

Aliyev və Rusiya pasportu gəzdirən başqa bir nəfər yanvarın 29-dan 30-na keçən gecə Belçikadan Lil şəhərinə gedib, orada qatar stansiyası yaxınlığında oteldə qeydiyyatdan keçiblər.

Aliyev Kadyrov-un tənqidçilərindən idi.

Birinci dəfə deyil Kadyrov-un xaricdəki tənqidçisi öldürülür.

Ötən ilin avqustunda isə çeçen əsilli gürcüstanlı Zelimkhan Khangoshvili günün günorta çağı Berlinin mərkəzində öldürülüb. Khangoshvili 2000-ci illərin əvvəllərində Rusiyaya qarşı ikinci Çeçenistan müharibəsində savaşmışdı.

Bu hadisə Berlin ilə Moskva arasında siyasi mübahisə yaradıb, qarşılıqlı olaraq diplomatlarını qovublar. Almaniya bildirib ki, qətli Rusiya hökumətinin, yaxud Çeçenistan hakimiyyətinin sifariş etməsinə dəlil var. Moskva isə iddiaları rədd edib.

Almaniya bu işdə Rusiya pasportu daşıyan bir şübhəlini saxlayıb. O, qətl və silah pozuntuları ilə əlaqədar Almaniyada mühakimə olunur.

İnsan haqları qrupları Kadyrov-un 2007-ci ildən bu regionu repressiv metodlarla idarə etdiyini, Rusiya Prezidenti Vladimir Putinin isə bütün bunlara göz yumduğunu bildirir.

XS
SM
MD
LG