Birləşmiş Ştatlarda koronavirusa gündəlik yeni yoluxmalar daha bir rekord vurub, 55 mini keçib. Bu, iki həftə öncəkindən iki dəfə çoxdur. Heç bir ölkədə indiyədək belə gündəlik yoluxan olmayıb.
Bu arada Birləşmiş Ştatlar 4 iyul Müstəqillik gününü qeyd etməyə hazırlaşır. Adətən, bu gün amerikalılar səyahət edir, yığıncaqlar, tədbirlər keçirir.
Prezident Donald Trump Müstəqillik Günü ərəfəsində atəşfəşanlığa qatılmaq üçün Cənubi Dakotada Rushmore Dağı abidəsini ziyarət edəcək. Abidə dağ döşünə həkk olunmuş dörd prezidentin büstündən ibarətdir.
Tədbirə 7 min 500 nəfərin qatılacağı gözlənir. Ştatın qubernatoru deyib ki, tədbirdə sosial məsafə qaydası tətbiq olunmayacaq, üz maskaları paylansa da, taxılmağı məcburi deyil.
Dörd ştatda 25 min yeni yoluxma
Ölkə üzrə narahatlıq yaradan 50 ştatdan 40-da yoluxmaların artan xətt üzrə getməsidir. Özəlliklə cənub və qərb hissədə pandemiya güclənir.
Dörd ştatda – Arizona, Kaliforniya, Florida və Texasda iyulun 2-də üst-üstə 25 min yeni yoluxma təsdiqlənib.
Testlərin miqyası, eləcə də pozitiv nəticələrin çəkisi artmaqdadır.
Xəstəxanaya yerləşdirilənlərin sayı artıb. Artıq ölkədə koronavirusdan 128 mindən çox insanın vəfat etdiyi bildirilir.
Ölkənin yoluxucu xəstəliklər üzrə aparıcı eksperti Anthony Fauci deyib ki, yoluxmalar “ölkəyə bütünlükdə risk yaradır”. O, vəziyyət dəyişməsə, günə 100 min yeni yoluxmanın baş verə biləcəyini vurğulayıb.
Yoluxmaların artması özəlliklə cənub və qərb ştatlarının iqtisadiyyatı yenidən açmaq qərarlarını dayandırmağa məcbur edib. Bir sıra ştatlar həftəsonuna düşən 4 iyul bayramı ərəfəsində restoranların, bar və çimərliklərin bağlanmasına göstəriş verib.
Texas da maskanı məcburi edir
Mayda ştatın təkrar açılması üçün canfəşanlıq edən Texas qubernatoru Greg Abbot ictimaiyyət arasında maska taxmağı məcburi elan edib.
Birləşmiş Ştatlarla müqayisədə Avropada yoluxma və ölüm halları kəskin azalıb, qitənin əksər hissəsində açılım gedir. Avropa Birliyi iyulun 1-dən 15 ölkədən ziyarətçilər üçün sərhədlərini açıb.
Britaniya isə iyulun 3-də elan edib ki, iyulun 10-dan başlayaraq Almaniya, Fransa, İspaniya və İtaliyadan gələnlərdən daha özünütəcrid tələb olunmayacaq.
“Aşağı riskli” ölkələrin tam siyahısı iyulun 3-də dərs olunmalıdır.
Müqayisə üçün ABŞ-ın 7,3 milyon əhalisi olan Arizona ştatı 446 milyon əhali yaşayan Avropa Birliyindən daha çox yeni yoluxma qeydə almaqdadır.
Dünyada ABŞ-dan sonra ikinci yerdə gələn Braziliyada iyulun 2-də koronavirusdan ölü sayı 62 minə yaxınlaşıb.
Dünya üzrə yoluxma sayı 10,8 milyondur, 520 min nəfər vəfat edib.