İyunun 19-da Birləşmiş Ştatlar quldarlığın bitməsinin 155-ci ildönümünü qeyd edir. Hər il qeyri-rəsmi qeyd olunan bu bayram bu il daha böyük əhəmiyyət kəsb edir, çünki amerikalılar bir neçə həftədir afroamerikıların polis tərəfindən qətlinə etiraz aksiyaları keçirir.
1865-ci ildə İttifaqı (Şimalı) təmsil edən general Texas ştatına gedərək bir qrup afroamerikalını Azadlıq Bəyannaməsində onlar üçün nəzərdə tutulmuş azadlıq haqda bilgiləndirib Bəyannamə iki il öncə Prezident Abraham Lincoln tərəfindən imzalanmışdı.
Azadlıq Günü (ingiliscə digər adı Juneteenth) 1980-ci ildə Texasda bayram elan edilib. İndi isə 46 ştat və Kolumbiya Dairəsində də tanınır. Ancaq ştatdan ştata qeyd olunma qaydaları dəyişir.
Bir çox ştatlar koronavirus pandemiyasına görə tədbirləri təxirə salıb, digər qruplar virtual konfranslar, daha kiçikmiqyaslı tədbirlər keçirir.
Etirazlardakı tələblər
Mayın sonunda Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı George Floyd polis təzyiq nəticəsində vəfat edib. Ağdərili polis 9 dəqiqə dizini onun boynuna dirəyib, Floyd dəfələrlə “nəfəs ala bilmirəm” desə də buraxmayıb. O vaxtdan ölkəni bürüyən nümayişlərdə irqi ayrıseçkiliyə etiraz olunur, polis taktikasında radikal dəyişikliklər tələb edilir.
Ötən həftə isə Corciya ştatının Atlanta şəhərində ağdərili polis afroamerikalı Rayshard Brooks-i güllələyib. Brooks onu həbs etməyə çalışan polisdən qaçmağa çalışırmış.
Bu qətllərdən sonra bir sıra şəhərdə Amerika Vətəndaş Müharibəsi dövründə quldarlığın mövcud olduğu Cənubu – Konfederasiyanı təmsil edən simvol və heykəllər götürülüb.
Nümayəndələr Palatasının Spikeri Nancy Pelosi iyunun 18-də Kapitoli binasından Konfederasiyada xidmət etmiş dörd keçmiş spikerin portretlərinin götürülməsinə göstəriş verib.
İyunun 18-də isə Birinci ledi Melania Trump Vaşinqtonda Milli Arxivə baş çəkərək Azadlıq Bəyannaməsi və digər təsisçi sənədlərlə tanış olub.
“Bu tarixi sənədlər hamı üçün azadlıq və bərabərliyi təmin edir, demokratik ideallar və dəyərlərimizi yada salır”, – Trump Twitter-də yazıb.
Trump-ı ziyarətində Mənzil və Urban İnkişaf üzrə Katib Ben Carson müşayiət edib. O, Trump administrasiyasının ən yüksək çinli afroamerikalı üzvüdür.