Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 14:31

Almaniya da koronavirusu izləmə tətbiqini işə salır – Qərb mediası


Almaniya, arxiv fotosu
Almaniya, arxiv fotosu

İyunun 16-dan Almaniyada koronaviruslu xəstələri izləmə tətbiqi işə salınıb. Rəsmilər hətta nazirlərin belə ondan istifadəsinin təhlükəsiz olduğunu deyirlər.

Hazırda smartfon tətbiqləri potensial COVID-19 infeksiyalarının izlənməsində yüksək texnologiya aləti hesab olunur. Ekspertlərin fikrincə, yeni halların sürətlə aşkarlanması potensial ocaqların yaranmasını önləyir. Özəlliklə də bir sıra ölkələrin karantini yumşaltdığı, eyni zamanda yoluxmaların ikinci dalğasından qorunmağa çalışdığı məqamda.

“The Associated Press” Avropada hökumətlərin bir sıra hüquqi və mədəni əngəllərlə üzləşdiyini yazır. Onlar səmərəli izləməni qitənin sərt data gizliliyi standartları ilə uzlaşdırmağa çalışırlar.

Almaniya nümunəsi

Almaniyada isə fərdin hətta ölümündən sonra belə öz datasını qoruyub saxlamaq hüququ konstitusiyada tanınıb.

“Bir şəxsin real vaxtda harada olmasını izləmək bizə Çini, onun nəzarət sistemini xatırladır”, – müstəqil Data Mühafizəsi Fondunun rəhbəri Frederick Richter deyib.

O, Almaniyanın özünün diktatura tarixini yada salır. Həm nasistlər, həm də Şərqi Almaniyadakı kommunist rejimi dissidentlərin, arzuolunmayan şəxslərin izlənməsi üçün nəhəng miqyasda informasiya toplayırdı.

“Buna görə də Almaniyada dövlətin vətəndaşları ilə bağlı informasiya toplaması məsələsinə gələndə hamımız buna çox həssas yanaşırıq”, – Richter deyib.

Agentlik yazır ki, Avropadakı digər izləmə tətbiqləri kimi Almaniyadakı sistem də enerjini az işlədən, modern smartfonlarındakı standart Bluetooth texnologiyasından yararlanır. Bu tətbiq istifadəçinin ətrafında olanların şəklini çəkir, yaxınlıqda bu tətbiqin olduğu smartfonları, nə qədər müddətdə orada olduqlarını yaddaşa yazır.

İstifadəçinin nəzarəti

Tətbiqdən istifadə edən şəxsdə COVID-19 testinin nəticəsi pozitiv çıxsa, onlar azı 15 dəqiq ərzində yaxın təmasda olan şəxsləri virusa yoluxa biləcəkləri haqda xəbərdar edə bilərlər.

Almaniya hökuməti israrla bildirir ki, istifadəçilər öz datalarını tam nəzarətdə saxlayacaqlar. Tətbiqi yükləmək tələb olunmur. Testinin nəticələrini təsdiqləmək, ünsiyyətdə olduğu şəxslərə informasiya ötürmək istifadəçinin öz qərarıyla baş verir.

Müxalifətdə olan Sol partiyası tələb edir ki, özəl şirkətlərin müştəriləri və işçilərindən bu tətbiqin istifadəsini tələb etməsini önləyən qanun qəbul olunsun.

Hökumətsə iyunun 15-də bir daha bildirib ki, “könüllü elə könüllü deməkdir”.

Tətbiqin yüksək vəzifəli rəsmilər üçün nə dərəcədə təhlükəsiz olmasına gəlincə, Almaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, ölkənin İT təhlükəsizlik agentliyi lap əvvəldən bu işin içindədir.

Hökumət tətbiqin hazırlamasının 20 milyon avroya (22,7 milyon dollar) başa gəldiyini, onun aylıq işlədilməsinə 2,5 milyondan 3,5 milyonadək avro xərclənəcəyini bildirib.

İndiyədək Almaniyada COVID-19-a 190 minədək yoluxma qeydə alınıb, onlardan 8 min 800-dən çoxu vəfat edib.

XS
SM
MD
LG