ABŞ Prezidenti Donald Trump polisə gücdən istifadəylə bağlı daha yaxşı təlim keçilməsi, polisin davranışındakı qüsurların izlənməsi üzrə federal databazanın yaradılması haqda sərəncam imzalayacaq.
Prezidentin sənədi iyunun 16-da imzalayacağı gözlənir. Bu arada bir sıra şəhərlər və ştatlar öz tərəflərindən polislə bağlı addımlar atırlar.
Sərəncam hansı məsələləri nəzərdə tutur
Afroamerikalı George Floyd-un ölümündən sonra ölkəni bürüyən etirazlarda polisdə islahatlar, hətta polisə maliyyənin kəsilməsi tələb olunurdu. “Black Lives Matter” hərəkatı, bir sıra fəallar kriminal ədliyyə sistemində köklü islahatlar tələb edirlər. Ölkədə polis qəddarlığı, irqi bərabərsizlik kimi çoxdankı problemlər müzakirə mövzusudur. Prezident sərəncamının isə bu tələblərə tam cavab verməyəcəyi bildirilir.
Administrasiya rəsmilərinin bildirməsinə görə, sərəncamla haqqında şikayətlər olan polis əməkdaşlarını izləyəcək databaza qurulacaq. Gücdən aşırı istifadədə suçlanan polislərin bir departamentdən digərinə keçidi əngəllənəcək. Bundan başqa gücdən istifadəylə bağlı ən yaxşı siyasət gerçəkləşdirən polis departamentlərinə federal qrantlar formasında maliyyə ayrılacaq.
“Ümumi məqsədimiz odur ki, qanun və asayiş istəyirik, bunun ədalətli, təhlükəsiz şəkildə həyata keçirilməsini istəyirik”, – Trump bazar ertəsi deyib.
Bu arada Konqres polisdə islahatlarla bağlı daha ətraflı qanun layihəsi hazırlayır. Nümayəndələr Palatası və Senatda fərqli layihələrin hazırlandığı bildirilir.
Yerli səviyyədə islahatlar
Ancaq Vaşinqtonda nə baş verməsindən asılı olmayaraq, islahatların çoxu yerli səviyyədə həyata keçirilməlidir. Bir sıra şəhərlər və ştatlar artıq polislə bağlı siyasətlərinə dəyişiklik etməkdədir.
Atlanta meri iyunun 16-da elan edib ki, polisin gücdən istifadəsi qaydalarında təcili islahatlar aparılacaq. Həftəsonu qaradərilinin polis tərəfindən güllələnərək öldürülməsi şəhərdə iğtişaşlara yol açıb.
Atlanta meri Keisha Lance Bottoms afroamerikalı Rayshard Brooks-un ölümünü “qətl” adlandırıb.
Sietl Şəhər Şurası polisin gözyaşardıcı qazdan, kütləyə nəzarət məqsədi daşıyan digər vasitələrdən istifadəsini qadağan edib. Sietl ölkəboyu etirazların mərkəzində durur, fəallar “Kapitol Hill” Avtonom Zonasını bir həftə zəbt edib, bir polis məntəqəsinin əməkdaşlarını oradan çıxarıblar.
Nyu York Polis Departamenti isə iyunun 15-də elan edib ki, cinayətkarlığa qarşı, mülki geyimlilərdən ibarət bölümləri buraxır. Onlarla bağlı saysız şikayətlər gəlir, bir sıra hallarda güllələnmələrin arxasında durduqları bildirilir.