Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:58

Qaradərilinin ölümünə görə etirazlar davam edir


Polis etirazçıları dağıdır
Polis etirazçıları dağıdır

ABŞ-ın Minneapolis şəhərində qaradərili şəxsin polis tərəfindən saxlanarkən ölümünə görə etirazlar mayın 28-də davam edib. Artıq üçüncü gecədir əhali küçələrə çıxır.

Etirazçılar şəhərdəki polis binasına girib, içəriyə od vurub. Onlar rəsmilərin sakitlik yaratmaq çağırışlarına məhəl qoymayıblar.

Qaradərili George Floyd-un mayın 26-da polis tərəfindən saxlanmasını yoldan keçən bir nəfər çəkib. Videoda ağdərili polis əməkdaşı dizini Floyd-un boğazına dirəyib, o isə nəfəs ala bilmədiyini deyir, polis əməkdaşına onu buraxması üçün yalvarır. Floyd sonradan xəstəxanada vəfat edib.

Hadisədə iştirak etmiş dörd polis əməkdaşı işdən çıxarılıb, FTB və Minnesota hakimiyyəti təhqiqata başlayıb.

Etirazlar digər şəhərlərə keçir

Minneapolisin meri ağdərili polis əməkdaşına ittihamlar irəli sürməyə çağırıb.

Son illər ABŞ-da qaradərililərin ağdərili polis əməkdaşları tərəfindən saxlanma zamanı öldüyü bir neçə insident baş verib.

Minnesota qubernatoru Tim Walz mayın 28-də Milli Qvardiya əsgərlərinə göstəriş verib ki, etirazların qarşısını almaqda yerli polisə kömək eləsin. Artıq etirazlar qonşu St.Paul şəhərinə keçib, qarət, yanğınlar baş verib.

Ağdərililərin qaradərililərə qarşı zorakılığı məsələsində adətən susqun davranan Prezident Donald Trump mayın 28-də sözügedən insidenti “sarsıcıdı” adlandırır.

“Özümü çox, çox pis hiss edirəm. Çox sarsıdıcı görüntüdür”, – Trump deyib.

Mayın 29-da isə Trump Floyd-un ölümüylə bağlı davam edən zorakılığı pisləyib, buna sərt cavab veriləcəyini bildirib.

“Bu QULDURLAR George Floyd-un xatirəsinə hörmətsiz yanaşırlar, buna imkan verməyəcəyəm”, – Trump tvitində yazıb.

İki şəhərdə onlarla şirkət qapadılıb. Minneapolisdə təhlükəsizlik məqsədilə mayın 31-dək bütün elektrik qatarları və avtobusların hərəkəti dayandırılıb.

Etirazlar Koloradonun paytaxtı Denverə keçib, ştatın kapitoli binasının qarşısında yüzlərlə nümayişçi yolu bağlayıb, avtomobillərin şüşələri sındırılıb.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, atəş açıldığı bildirilsə də, xəsarət alan olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG