Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılma tarixi bəlli deyil


Azadlığa buraxılan talibançılar
Azadlığa buraxılan talibançılar

ABŞ Prezidenti Donald Trump deyir ki, Əfqanıstandakı hərbçilərin çıxarılması üçün hədəf tarix qoymayıb. Bu arada son günlər kövrək durumda olan ABŞ-Taliban sülh prosesi yenidən vüsət almaqdadır.

Prezidentin mayın 26-da verdiyi açıqlama onun, Amerikanın ən uzun müharibəsini seçki kampaniyasının hədəfinə çevirə biləcəyi ilə bağlı spekulyasiyanı gücləndirib.

“Biz 19 ildir ordayıq və məncə, kifayətdir… İstəyiriksə, həmişə geri qayıda bilərik. Hədəf tarixim yoxdur, ancaq məntiqli dərəcədə tez”, – Trump Ağ evdə mətbuat konfransında deyib.

Birləşmiş Ştatlar və Talibanın fevralda imzaladığı razılaşmada Talibanın təhlükəsizlik öhdəlikləri götürəcəyi halda ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması nəzərdə tutulur.

Sənəddə zorakılığın azaldılması, Əfqanıstan hökuməti ilə silahlı qruplaşma arasında məhbus mübadiləsi, əfqandaxili danışıqlar nəzərdə tutulur.

2 min talibançı azad olunub

Mayın 26-da Əfqanıstan hökuməti daha 900 talibançı məhbusu azad edib, ölkədə üçgünlük atəşkəs isə sona çatıb. Atəşkəs Ramazan bayramına görə elan olunmuşdu. Mayın 25-də Kabilin şimalındakı Bagramdan 100 məhbus buraxılmışdı.

Hökumət atəşkəsin uzadılacağına ümid etdiyini bildirib. Talibanın sözçüsü Suhail Shaheen isə 900 məhbusun buraxılmasını “yaxşı proqres” adlandırıb, qruplaşmanın bunun əvəzində tezliklə “əhəmiyyətli sayda” məhbusu azad edəcəyini deyib.

ABŞ-Taliban sazişində Kabilin 5 min talibançı məhbusu, silahlıların isə 1000 əsiri buraxması nəzərdə tutulur. Bundan sonra əfqandaxili danışıqların başlanması gözlənir.

Əfqanıstan hökuməti artıq 2 min talibançını azad etdiyini bildirir. Silahlı qruplaşma isə 245 əsiri azad edib.

Prezident Ashraf Ghani hökumətin Talibanla sülh danışıqlarına hazır olduğunu deyib.

ABŞ-ın Dövlət katibi Mike Pompeo isə atəşkəsi alqışlasa da, azadlığa buraxılan talibançıların döyüşə qayıtmaması üçün xəbərdarlıq edib.

Birləşmiş Ştatların Əfqanıstanda 12 minədək hərbçisi var. Vaşinqton əfqan təhlükəsizlik qüvvələrinin saxlanmasına ildə 4 milyard dollar xərcləyir.

Əfqanıstan ərazisinin yarıya qədəri Talibanın əlindədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG