Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:56

Amerikalılar həftəsonu bayıra axışıb, iranlılar bayram edib


ABŞ-da manekerlər sosial məsafənin vacibliyini nümayiş etdirir
ABŞ-da manekerlər sosial məsafənin vacibliyini nümayiş etdirir

Mayın 24-də İranda Ramazan bayramı qeyd olunmağa başlanıb. Dövlət mediası paytaxt Tehranda 110 məsciddə moizə keçirildiyini, sosial məsafə daxil olmaqla “sərt sağlıq tədbirləri” görüldüyünü xəbər verir.

İranın müxtəlif yerlərində bayram mayın 24-də və 25-də qeyd olunur.

Mayın 24-dən ölkədə muzeylər, tarixi yerlər yenidən açılıb. Bir gün öncə Prezident Hassan Rohani deyib ki, ölkə pandemiyanın “dördüncü mərhələsi”nə qədəm qoyur və bu “koronavirusun idarə olunması və qarşısının alınmasıdır”.

İranda indiyədək koronavirusa 135 mindən çox yoluxma, 7 min 400-dən artıq ölüm qeydə alınıb.

Səudiyyə Ərəbistanında müqəddəs Məkkə və Mədinə şəhərlərində bayram ibadətləri dindarların iştirakı olmadan baş tutub.

Amerikalılar da məsafəni gözləmirlər

Dünyanın ən böyük müsəlman ölkəsi İndoneziyada isə milyonlarla insanın doğma kəndlərinə axınını önləmək üçün səyahət qadağaları qoyulub.

Birləşmiş Ştatlarda isə həftəsonu Xatirə Gününə düşdüyündən çimərliklər, digər ictimai məkanlar insanlarla dolub. Ölkədə virusdan ölü sayı 97 mini keçir, Ağ evin işçi qrupunun lideri əhalinin fiziki məsafəyə necə əməl etməsindən “çox narahat olduğunu” bildirib.

Dünya üzrə koronavirusa 5,3 milyona yaxın yoluxan var, 343 mindən çox insan dünyasını dəyişib.

Ağ evin koronovirusla mübarizə üzrə işçi qrupunun koordinatoru Deborah Birx deyib ki, çimərliyə gedənlərin iki metrlik məsafəni gözləməməsi onu “çox narahat edir”.

“Kimin yoluxmuş olduğunu bilmirsiniz”, – o vurğulayıb.

Son həftələr bir sıra ştatlar evdə qalmaqla bağlı göstərişləri kəskin azaldıb. Prezident Donald Trump da iqtisadiyyatı mümkün qədər tez normal tempinə qaytarmağa çalışır.

Avropa, Çin

Britaniyanın Baş naziri Boris Johnson deyib ki, iyunun 1-dən 4-5 yaşlılar üçün ibtidai məktəblər yenidən açılacaq.

İspaniyada peşəkar futbol liqası gələn aydan başlanır, iyuldan isə ölkə turist qəbul edəcək. Bir sıra şəhərlərdə Baş nazir Pedro Sanchez-ə qarşı sağ qanaq Vox partiyası tərəfindən etirazlar keçirilir, karantin, digər antipandemiya tədbirlərinə görə onun istefasını tələb edirlər.

İtaliya iyunun 3-dən regional və beynəlxalq sərhədlərini açmağı, turizm sektorunu xilas etməyi planlaşdırır, vətəndaşların tədricən çimərliklərə getməsinə icazə verilir.

Papa Francis mayın 24-də son üç ayda ilk dəfə olaraq Vatikandakı Müqəddəs Piter Meydanından dua edib. Aşağıdakı meydanda onu onlarla insan izləyib.

Pandemiyanın ötən ilin sonunda baş qaldırdığı güman edilən Çin isə bildirib ki, COVID-19 xəstəliyinə görə Kommunist partiyasına qarşı hər hansı məhkəmə iddiasının “faktiki qanuni əsası, yaxud beynəlxalq presedenti yoxdur”.

Xarici işlər naziri Wang Yi mayın 24-də mətbuat konfransında deyib ki, Çin digər ölkələr kimi qlobal pandemiyanın qurbanı olub, ehtiyacı olan digər hökumətlərə yardım edib.

Çinə beynəlxalq səviyyədə təzyiq olunur ki, koronovirusun mənşəyinin araşdıracaq beynəlxalq təhqiqat şərait yaratsın. Çin rəsmiləri isə bunu böhran yüngülləşincə edəcəklərini deyiblər.

Ötən ay ABŞ-ın Missuri ştatı Çin hökumətini koronavirusu idarə etməsinə görə məhkəməyə verib, bildirib ki, Pekinin pandemiyaya reaksiyası ştata böyük iqtisadi zərbə vurub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG