Keçid linkləri

Təcili xəbərlər
2020, 25 May, Bazar ertəsi, Bakı vaxtı 16:16

Yevlaxdakı insidentə görə cinayət işi başlanıb


DİN

Yevlax şəhərində bir məhəllənin sakinləri ilə polis arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, aprelin 19-da məhəllələrdən birinin sakinləri onları karantin rejimini və asayışi pozmamağa dəvət edən polis əməkdaşlarına daş atıblar. Nəticədə bir nəfər polis əməkdaşının baş nahiyəsindən xəsarət aldığı bildirilir.

Nazirlikdən bildirildiyinə görə, faktla əlaqədar Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Məlumatda həmçinin qeyd edilir ki, cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində asayişi pozaraq aksiyaya cəhd göstərən 20 nəfər saxlanıb, bir nəfər isə tutularaq məsuliyyətə cəlb olunub.

Verilən məlumata görə, hazırda həmin şəxslərin məsuliyyət məsələləri araşdırılır.

Bu açıqlamaya saxlanan şəxslərdən və ya onların yaxınlarından münasibət almaq mümkün olmayıb. Yerli sakinlərdən kiminsə xəsarət alması ilə bağlı, hələlik, açıqlama verilmir.

Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimi tətbiq edilib.

Yevlax şəhərində insidentin baş verdiyi məhəllədə 50-dən çox şəxsin koronavirusa yoluxduğu bildirilir. Ümumilikdə isə bu rayonda 80-dən çox şəxsin bu virusa yoluxduğu deyilirdi.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 5 milyon 108 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 330 mindən artıq şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə hazırkı dövrədək 3 min 631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 43 nəfər vəfat edib.

XS
SM
MD
LG