Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

AB Rusiyanın Krım tədbirinə qatıla bilər


Kiyevdə etiraz aksiyası, Krımda və Rusiyada həbsdə olan ukraynalıların portretləri qaldırılır, 21 may, 2020-ci il
Kiyevdə etiraz aksiyası, Krımda və Rusiyada həbsdə olan ukraynalıların portretləri qaldırılır, 21 may, 2020-ci il

Avropa Birliyi və onun bir neçə üzvü blokun qaydalarını pozaraq Rusiyanın ilhaq etdiyi Krımın de-fakto hakimiyyəti ilə ünsiyyət qura, regiondakı vəziyyətlə bağlı Moskvanın dəstəklədiyi videokonfransa qatıla bilər.

AB üzvü ölkələrindən iki diplomat AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, blokun 27 üzvündən 19-dan müxtəlif səviyyəli təmsilçilər, eləcə də AB-nin BMT-dəki nümayəndə heyəti mayın 21-də keçirilən tədbirə qatılmağı planlaşdırırlar.

“Aria” adlı videokonfransda Krımdakı vəziyyət müzakirə olunacaq.

Moskva 2014-cü ilin martında Ukraynanın Krım vilayətinə hərbçilərini göndərməklə oranı tutub, sonradan keçirdiyi referendumu isə azı 100 ölkə qanunsuz sayıb. Rusiya Ukraynanın şərqində 13 mindən çox insanın ölümünə səbəb olmuş münaqişədə separatçıları dəstəkləyir.

Bu ilhaqa cavab olaraq Avropa Birliyi bütün diplomatları üçün sərt qaydalar hazırlayıb, Krımın statusu, yaxud de-fakto ilhaqını tanımağı hədəfləyən hər hansı tədbirdə, istənilən səviyyədə iştirakı qadağan edib.

BMT-nin tez-tez keçirdiyi Aria toplantılarında qurum üzvləri beynəlxalq təhlükəsizlik məsələləri haqda məlumat əldə edir.

İştirakçı və çıxışçılar kimlərdir

Rusiyanın BMT-dəki səfiri Vassily Nebenzia iclasda açılış və bağlanış çıxışı edəcək, Rusiyanın ilhaqının tərəfdarları isə təqdimatlar edəcəklər.

Çıxışçılar Krım müftisinin müavini Asadullah Bairov, yarımadanın Ukrayna icmasının başçısı Anastasia Gridchina, Krımın “Millet” televiziyasının direktor müavini Ervin Musaev və “Krym” telekanalının aparıcısı Alexander Makar-dır.

Planda Krımdakı real vəziyyətlə bağlı orada yaşayanların bilgi verəcəyi vurğulanır.

Tədbirə həm AB, həm də Almaniyanın təmsilçiləri qatılacaq. Belçika və Fransa da iştirak edəcəklərini deyiblər.

Yalnız Bolqarıstan, Finlandiya, Niderland, Polşa, Rumıniya və üç Baltik ölkəsi iştirakdan imtina edib.

Radionun əlaqə saxladığı bəzi rəsmilər AB diplomatlarının iştirakının sözügedən qaydalara zərbə vuracağından, bundan təbliğat məqsədilə istifadə oluna biləcəyindən narahatlıq bildiriblər.

AB-dən şərh almaq mümkün olmayıb.

Ukraynanın BMT-dəki səfiri Sergiy Kyslytsya AB üzvlərinin iştirakını şərh etməsə də, iştirakçıların “yeni bir şey eşitməyəcəyini” söyləyib:

“Rusiyalılar və onların oyunçuları ‘Krım xalqının Rusiyaya könüllü birləşməsi’ haqda daha bir təbliğat eşidəcəklər, beynəlxalq ictimaiyyəti isə təməl həqiqətləri bir daha vurğulayacaq: Krım yarımadası müvəqqəti işğal olunub; Rusiya işğalçı dövlətdir; işğalçı dövlət insan haqları pozuntularını dayandırmalıdır”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG