Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:23

İndiki pandemiyanın sələfindən fərqi – Qərb mediası


Çin, arxiv fotosu
Çin, arxiv fotosu

2003-cü ildə dünya Cənubşərqi Asiyada SARS epidemiyasının qarşısını aldı və iyulda böhran bitdi. “Project Syndicate” portalında İsveçin keçmiş xarici işlər Carl Bildt ovaxtkı dövrlə indiki arasındakı fərqi dörd faktorla izah edir.

Müəllif 2003-cü ildə SARS-CoV-1 koronavirusu yayılanda buna koordinasiyalı şəkildə beynəlxalq reaksiya verildiyini yazır. Dərhal regionda hava nəqliyyatı dayandırıldı, bir sıra ərazilər təcrid olundu. Dünya Səhiyyə Təşkilatının (DST) liderləri Çini ləng reaksiyasına görə tənqid elədi və Çinin səhiyyə naziri işdən çıxarıldı. İyulun əvvəlində DST böhranın bitdiyini açıqladı və dünya normal axarına döndü.

Dörd faktor

Müəllifin fikrincə, birincisi, bu dəfə Çin hakimiyyətinin nə baş verdiyini anlaması, həyəcan siqnalını basması zaman aldı. COVID-19 Çində noyabrın ortasında yayılsa da, Çin yalnız dekabrın 31-də DST-yə potensial pandemiya haqda məlumat verdi.

2003-cü il böhranını indikindən fərqləndirən ikinci amil SARS-CoV-2-nin sələfindən daha yoluxucu olmasıdır. İlin 5-7 həftə ərzində, DST həyəcan təbili çalandan sonra belə dünya elə də güclü tədbir görmədi və COVID-19 SARS-dan daha sürətlə və daha geniş ərazilərə yayıla bildi.

Üçüncü faktora gəlincə, müəllifin fikrincə, bu, 2019-2020-ci illərdə dünyanın 2002-2003-cü illərdən daha çox bir-birilə əlaqəli, bağlı olmasıdır. 11 milyon əhalisi olan Vuhanı bəzən Çinin Çikaqosu adlandırırlar, qlobal təchizat zəncirinə geniş şəkildə inteqrasiya edib. Son on illər ərzində şəhər böyük bir haba çevrilib. Yəni Vuhanda baş verən orda qalmadı, kənara çıxdı.

Və nəhayət, gözardı edilməsi mümkün olmayan sonuncu faktor geosiyasi mənzərədir. Dünya hələ COVID-19 böhranı başlamamışdan daimi qarşıdurma və nizamsızlıq halındaydı. 2003-cü ildə beynəlxalq ictimaiyyətin bir araya gəlməsi təbii hal sayılırdısa, 2020-ci ildə bu ssenaridən söhbət belə gedə bilməzdi. Hətta virus qlobal səviyyəyə yayılmağa başlayandan sonra ABŞ Prezidenti Donald Trump administrasiyası onu qəbul etmirdi.

Hazırda dünyada koronavirusa yoluxanların sayı 5 milyonu, ölü sayı isə 328 mini keçib. Bir neçə gün əvvəl Dünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasına qarşı müxtəlif ölkələrin gördüyü tədbirlərin diqqətlə araşdırılmasını nəzərdə tutan qətnamə qəbul edib. Sənəddə koronavirusun yayılmasına beynəlxalq reaksiyanın “qərəzsiz, müstəqil və hərtərəfli qiymətləndirilməsinə” çağırış edilir. Bununla belə, qətnamədə virusun üzə çıxmasının səbəbinin araşdırılmasından söhbət getmir və virusun ilk yayıldığı ölkə kimi Çinin adı çəkilmir.

XS
SM
MD
LG