Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:41

Uşaqlar üçün də maska məcburi oldu – Qərb mediası


İspaniya, 19 may, 2020-ci il
İspaniya, 19 may, 2020-ci il

İspaniyada bütün vətəndaşlar, hətta yaşı 6-dan yuxarı uşaqlar üçün belə ictimai yerlərdə maska taxmaq məcburi elan edilib.

Səhiyyə Nazirliyi bildirib ki, sabahdan – mayın 21-dən qapalı ictimai yerlərdə və bayırda iki metrlik məsafə saxlamaq mümkün olmayanda maska taxmaq məcburidir. “Reuters” maska taxmağın səmərəsinin bütün dünyada qızğın müzakirə olunduğunu yazır.

İspaniyada etirazlar

İndiyədək İspaniyada COVID-19 xəstəliyinə 232 mindən çox yoluxma, 28 minə yaxın ölüm qeydə alınıb. Ölkə iqtisadiyyatı turizmdən asılıdır və martın ortasından karantin qaydaları ucbatından bu il 12,4%-lik azalma gözlənir.

Son günlər gündəlik 100-dən az ölüm halı qeydə alınır. Baş nazir Pedro Sanchez-in sol qanad koalisiyası iyunun sonunadək ikinci dalğa başlamasa, karantini əsasən qaldırmağı planlaşdırır.

Hökumət eyni zamanda fövqəladə vəziyyətin iki həftəliyə uzadılması üçün müraciət edib. Təklif bu gün parlamentin aşağı palatasında səsə qoyulmalıdır.

Artıq qadağalara qarşı nümayişlər keçirilir. Hər gün bir neçə yüz nəfər axşam 9-da bir yerə yığışaraq qazan-tava döyəcləyir, hökumətin istefasını tələb edirlər. Əsasən varlı, mühafizəkar yaşayış məntəqələrində isə etirazçılar sosial məsafə qaydalarını gözardı edir.

Madriddə uşaqların küçəyə çıxarılmasına, mağazaların, çimərliklərin yenidən açılmasına icazə verilib. Xaricdən gələn səyahətçilər üçün daha iki həftəlik karantin qüvvədədir.

“The Associated Press” agentliyi isə Cənubi Koreyada məktəblərin təkrar açılmasından, bəzilərində şagirdlərin ətrafında plastik arakəsmələrin qurulmasından yazır.

Hindistanda miqrant fəhlələr axır ki qatara minib evlərinə qayıda biliblər. ABŞ-da isə Maserati və Rolls-Royce sürən alıcılar Beverli Hills-dəki məşhur Rodeo Drive küçəsinə doğru şütüyüblər.

Manipulyasiya, yoxsa...?

ABŞ-da biznesin yenidən açılması ətrafında hələ də qızğın mübahisələr gedir. Hətta bəzi səhiyyə rəsmiləri işlərin daha yaxşı getdiyini göstərmək üçün yoluxma statistikasını dəyişməkdə ittiham olunurlar.

“Risk ondadır ki, karantin, gündəlik məsələlərlə bağlı qərar verən siyasətçilər, şirkət rəhbərləri, sıravi amerikalılarda belə bir təəssürat yarana bilər ki, virus əslində olduğundan daha çox nəzarətdədir”, – agentlik yazır.

Məsələn, Virciniya, Texas və Vermontda rəsmilər deyirlər ki, aktiv yoluxmanı göstərən virus testləri ilə yoluxmanın baş verib bitdiyini göstərən anticisim testlərini birləşdirirlər. Səhiyyə ekspertlərinin fikrincə, bu, sonucda xeyli sayda testin aparıldığını göstərsə də, virusun necə yayılmasını üzə çıxarmır.

Floridada data mütəxəssisi Rebekah Jones deyir ki, o, “yenidən açılmaq planını dəstəkləyəcək” informasiya hazırlamaqdan imtina etdiyi üçün işdən çıxarılıb. Agentlik səhiyyə rəsmilərindən bu məsələyə şərh ala bilməyib.

Trump administrasiyasının təlimatına görə, ştatlar təkrar acılımdan öncəki 14 gün ərzində yoluxma sayında azalma müşahidə etməlidirlər. Amma bəzi ştatlar yoluxmaların artdığı, yaxud yalnız sabitləşdiyi bir vaxtda acılıma gediblər. Ştatlara həmçinin testləri genişləndirmək, yoluxanların kontaktlarını izləmək tapşırığı verilib.

Johns Hopkins Səhiyyə Təhlükəsizliyi Mərkəzinin aparıcı alimi Jennifer Nuzzo deyib ki, bu hallar heç də ictimaiyyəti aldatmaq niyyəti güdməyə bilər. Məsələn, onun fikrincə, ştatlarda anticisim testləri ilə virus testini fərqləndirəcək yenilənmiş informasiya sistemləri mövcud olmaya bilər.

Artıq dünyada koronavirusa yoluxma sayı 5 milyona yaxınlaşır, ölü sayı isə 323 min nəfəri keçib.

Təsdiqlənmiş yoluxmalara görə, birinci yerdə ABŞ, ondan sonra Rusiya və Braziliya gəlir. Hindistan, Cənubi Afrika və Meksika kimi yerlərdə yoluxmalar sürətlə gedir.

Rusiyada yoluxanlar 300 mindən çoxdur, ölü sayı 3 minə yaxınlaşır.

XS
SM
MD
LG