Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Almaniyada, Cənubi Koreyada da yoluxmalar artırsa...


"Westfleisch" ət zavodunun işçiləri testdən keçirilir
"Westfleisch" ət zavodunun işçiləri testdən keçirilir

Almaniyada sosial qadağalar yumşaldılandan bir neçə gün sonra koronavirusa yeni yoluxmalar sürət alır və bu da pandemiyanın yenidən nəzarətdən çıxa biləcəyi sarıdan narahatlıq yaradır.

Xəstəliyə nəzarət edən Robert Koch İnstitutu gündəlik bülletenində hər bir xəstənin yoluxdurma sayının 1,1-ə yüksəldiyini bildirib. Bu göstəricinin 1-dən yuxarı olması yoluxmaların çoxalması deməkdir.

Kansler Angela Merkel əyalət liderlərinin təzyiqinə boyun əyərək ötən həftə bəzi yumşalmalara getdi, bəzi mağazalar açıldı, məktəblərin tədricən açılmasına başlandı.

Amma kansler eyni zamanda “fövqəladə fasilə” elan elədi ki, yoluxmalar yenidən vüsət alarsa, qadağaları bərpa oluna bilsin.

“Yumşalma tədbirləri zəif hazırlanıb”

Sosial Demokratlardan deputat, epidemiologiya üzrə professor Karl Lauterbach şənbə günü doğma Köln şəhərində küçələrdə xeyli insan görəndən sonra virusun yenidən sürətlə yayılacağı ilə bağlı xəbərdarlıq edib.

“Yumşalma tədbirləri xeyli zəif hazırlanıb”, – Lauterbach tvitində yazıb.

Robert Koch İnstitutunun bazar günü bildirməsinə görə, gündəlik yoluxma sayı 667 nəfər artaraq 169 min 218-ə, ölü sayı isə 26 nəfər artaraq 7 min 395-ə çatıb.

“Yeni yoluxmaların son həftələrdəki kimi azalacağını, yaxud artacağını demək üçün çox tezdir”, – institut bildirir.

Almaniya COVID-19-a yoluxmaya görə Avropada altıncı yerdə olsa da, ölü sayını məhdudlaşdıra bilib. Bunu vaxtında kütləvi testlər aparması, səhiyyə sisteminin yaxşı idarə olunması və yaxşı maliyyələşməsi hesabına edib.

“Reuters” tənqidçilərə istinadla yazır ki, pandemiyanın son mərhələsində yerli hakimiyyətin həddən artıq yükləməsi yeni yoluxmaları aşkarlayıb ona reaksiya verməyi çətinləşdirib.

Ötən cümə günü Şimali Reyn Vestfaliya vilayətində ət emalı zavodu bağlanıb. Səbəb zavodun 1200 işçisindən 150-dən çoxunda testlərin müsbət çıxmasıdır. Onların çoxu isə şərqi Avropadan gedən miqrantlardır, potensial virus mənbəyi olan ümumi mənzillərdə yaşayırlar.

Seulda mümkün yoluxanlar axtarılır

Cənubi Koreyada isə rəsmilər bu gün – mayın 11-dən yeni koronavirus dalğasını önləməyə çalışırlar. Seulda gecə klubları və barlarda minlərlə insanın virusa yoluxduğu güman edilir.

Bu Asiya ölkəsi indiyədək pandemiyaya verdiyi reaksiyaya görə alqışlanırdı, son həftələr yoluxma halları kəskin azalmışdı.

Rəsmilər bazar günü gecə ölkə üzrə 35 yeni yoluxma halı açıqlayıblar. Bu, bir aydan artıq bir müddət ərzində yeni yoluxmaların açıqlandığı artıq ikinci gündür.

“Reuters” yeni yoluxmaların bir sıra gecə klubları və barlarla əlaqəli olduğunu yazır. Həmin mərkəzlər isə daha çox lesbian, gey, biseksual, transgenderlərə (LGBTQ) xidmət göstərir.

Bu isə rəsmilərin yoluxanları izinə düşməsini çətinləşdirir, çünki ölkədə açıq homoseksuallıq tabu sayılır, LGBTQ ayrıseçkiliklə üzləşir, işini itirir, nifrət çıxışlarına məruz qalır.

Hakimiyyət İtaevon ərazisində gecə klublarına getməyə üstünlük verən 4 min nəfəri testdən keçirib, daha 3 min nəfəri axtarır.

“Prioritetimiz yoluxmaların Seulda daha geniş əraziyə yayılmasını minimuma endirməkdir”, – Baş nazir Chung Sye-kyun bazar ertəsi hökumətin iclasında deyib.

Chung yerli hökumətləri polislə əməkdaşlıq etməyə, testdən bilərəkdən yayınmağa çalışdığı güman edilən şəxsləri tapmağa çağırıb.

“Onları tez tapıb testdən keçirməliyik, burada sürət vacibdir”, – Chung vurğulayıb.

Agentlik yazır ki, yeni dalğa Cənubi Koreyada mümkün xəstələrin cidd-cəhdlə izlənməsinin, xəstələrlə bağlı bəzi informasiyanın ictimaiyyətə açıqlanmasının arzuolunmayan əks təsirlərini üzə çıxarır.

Səhiyyə Nazirliyinin rəsmisi Yoon Tae-ho etiraf edib ki, LGBTQ icmasının bəzi üzvləri üzə çıxaq istəmir, çıxarsa, ayrıseçkiliyə məruz qalacağından ehtiyatlanır.

“Təsdiqlənmiş xəstələrin hərəkət trayektoriyasını ona görə açıqlayırıq ki, virusa yoluxmuş ola bilənlər könüllü testdən keçsinlər. Sizi xəstələrin şəxsi informasiyasına toxunmamağa, əsassız şayiələr yaymamağa çağırırıq. Bu, təkcə onları incitmir, həm də cəzalandırıla bilər”, – rəsmi vurğulayıb.

Səhiyyə Nazirliyi İtaevon ərazisində 79 nəfərin test nəticələrinin pozitiv çıxdığını bildirir.

Artıq bəzi şirkətlər bazar ertəsindən ofisə qayıtmaq planlarını təxirə salıb.

XS
SM
MD
LG