Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 07:48

Ruslan İzzətli hərbi xidmətə aparılacağını bildirir


Ruslan İzzətli- D18, 8 mart 2020
Ruslan İzzətli- D18, 8 mart 2020

D18 Hərəkatın sədri, bu il fevralın 9-da keçirilən parlament seçkilərində namizəd olmuş Ruslan İzzətli-nin hərbi xidmətə aparılacağı deyilir.

Bu barədə R. İzzətlinin özü AzadlıqRadiosuna danışıb.

Onun sözlərinə görə, o, hərbi xidmətə yararsız olduğu halda aparılır:

“Axırıncı dəfə komissiyadan ötən ilin avqust ayında keçmişəm”

"2007-ci ildən bəri həkim komissiyası rəy verib ki, mən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü üçün yararlıyam. Həkim komissiyasından 3 ildən bir keçirəm. Axırıncı dəfə komissiyadan ötən ilin avqust ayında keçmişəm və həkimin rəyi eyni olduğuna görə yenidən xidmətə yararsız sayılmışam. Bir neçə gün əvvəl isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən mənə zəng vurub komissiyadan keçmək lazım olduğunu bildirdilər və bunu sənədlərin itməsi ilə əsaslandırdılar. Mayın 6-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin işçilərinin iştirakı ilə rayon Mərkəzi Xəstəxanasında müayinədən keçdim. Yekun akt tərtib edildi. Aktda "sağ tərəfli böyrək daşı xəstəliyi, hər iki böyrəyin mikrofili'' diaqnozu qeyd edildi".

R. İzzətli daha sonra da bunarı əlava edib:

"Rayon xəstəxanasının baş həkimi Elxan Ələsgərov və şöbə müdiri Ələddin Nəcəfov akta imza atıb, möhür vurdu…”

R.İzzətlinin vurğulamasına görə, amma bu yetərli sayılmayıb.

Onun qeyd etdiyinə görə, mayın 8-də Xidmətin Ağdam rayon şöbəsinin əməkdaşı ona deyib ki, Bakıda yenidən həkim komissiyasından keçməlidir:

Bakıda müayinə

"Mən də Mərkəzi həkim komissiyasına getdim… Müayinə sənədlərimə baxanda isə gördüm ki, heç bir problem qeyd olunmayıb, aktiv sağlam yazılıb…Anladım ki,məni cəzalandırmaq üçün əmr yuxarıdan verilib. Hətta Bakıda keçirilən müayinə yalnız həkimlərin şifahi sorğu-sualı əsasında oldu, USM (Ultrasəs müayinə), Retgen və digər yoxlanılışlar edilmədi. Həkimlərə belimdə kəskin ağrılar olduğunu desəm də, əhəmiyyət vermədilər. Ona görə də bu gün,mayın 9-da belimdəki kəskin ağrıya görə özəl klinikada MRT (Maqnit rezonans tomoqrafiya) etdirdim. Nəticədə siniri sıxan disk yırtığı ( d=5mm) aşkarlandı".

“…Siyasi cəzadır”

Ruslan İzzətli iddia edir ki, hərbi xidmətə yararsız olduğu halda bununla hakimiyyət onu cəzalandırmaq məqsədi güdür:

"Mənim məqsədim hərbi xidmətdən yayınmaq və çəkinmək deyil. 1 il hərbi xidmət bizi əqidəmizdən, yolumuzdan döndərməz. Hakimiyyətin sağlamlığımdakı problemlərlə bağlı məni hərbiyə aparması siyasi cəzadır. Hakimiyyət 9 fevral növbədənkənar parlament seçkilərindən sonra şəxsimə və D18 Hərəkatına təzyiqləri davam etdirir. Bu təyiqlərin əsas səbəbi isə seçki saxtakarlıqlarına qarşı etirazlarımdır. Fevralın 16-da Mərkəzi Seçki Komissiyasının qarşısnda D18 Hərəkatı, ReAl və Müsavat partiyaları, həmçinin bitərəf namizədlərin birgə mitinqini təyin etdik. Mitinqin qarşısı zorakılıqla alındı, mitinq təşkilatçılarından biri olaraq məni ofisimin qarşısında mülki geyimli şəxslər saxlayaraq Yevlax şəhərində sərbəst buraxdılar…”

Həmin aksiyasının qarşısının alınmasını Daxili İşlər Nazirliyi onun şəhər rəhbərliyi ilə razılaşmaması ilə izah etmişdi.

Ruslan İzzətlinin namizəd olduğu 33 saylı Xətai ikinci seçki dairəsində seçkilərin nəticələri ləğv edilib. Həmin dairədə yenidən seçki keçirilməlidir. Gənc fəalın yaşı isə ( 31) hərbi xidmətə çağırılmağa imkan verir.

R. İzzətli vurğulayır ki, məsələ ilə bağlı məhkəməyə müraciət edəcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən “Turan” agentliyinə bildiriblər ki, bu məsələ ilə bağlı heç bir məlumat verə bilməyəcəklər, Xidmətin özünə müraciət etmək lazımdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən isə Ruslan İzzətlinin açıqlaması ilə bağlı münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq deyirlər ki, Azərbaycanda heç kim dinc siyasi fəaliyyətinə görə təqib edilmir.

Xatırlama

Bu il fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçirilib.

Yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb. Bir sıra müxalif qüvvələr seçkilərdə total saxtakarlıqlara yol verildiyini vurğulayaraq yenidən parlament seçkiləri keçirilməsini tələb edirdilər. Amma hakimiyyət rəsmiləri bildirirlər ki, pozuntu baş verən dairə və məntəqələrdə nəticələr ləğv edilib.Onların fikrincə, parlament seçkiləri bütünlükdə xalqın iradəsini ifadə edib.

Mərkəzi Seçki Komissiyası 125 dairədən cəmi dördündə nəticələri ləğv edib. Həmin dairələrdə təkrar seçkilər keçirilməlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG