Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:51

Deputatlığa namizədlər saxlanıb, buraxıldılar


R.İzzətli

Bu gün, fevralın 11-də parlament seçkilərində namizədlərdən olan Əhəd MəmmədliRuslan İzzətli saxlanıb. Onlar elə namizəd olduqları 33 saylı Xətai birinci seçki dairəsinin dairə seçki komissiyasının ( DSK) binası qarşısında saxlanıblar.

Hadisə yerində olan polis zabitlərindən biri saxlananların 34 saylı Polis Bölməsinə aparıldığını söyləyib.

Həmin saxlanan iki şəxsdən başqa bu dairədən olan namizədlərdən Zəlimxan Məmmədli və Nüşabə Sadıqlı da DSK-nin qarşısında olublar. Onlar seçkidə pozuntuların baş verdiyini bildirərək, bununla bağlı bəyanat verəcəklərini vurğulayıblar. Habelə qeyd edilib ki, DSK sədri ilə də görüşmək niyyətindədirlər.


Amma hadisə yerinə gələn polislər bununla namizədlərin yolu kəsdiklərini, onların asayişi pozduqlarını iddia ediblər. Bundan sonra isə yaranan gərginlik zamanı namizədlərdən ikisi saxlanıb.

«Cənab prezident, sənin komandan sənə xəyanət edir»

Namizədlərdən Z.Məmmədli jurnalistlərə deyib: «Azərbaycan dövlətçiliyi üçün qəsdlər var. Cənab prezidentin nəzərinə çatdırırıq ki, qəsdlər var. Saxtakarlıqlar var. Arxadan islahat xəttini vuran böyük qüvvə var. Cənab prezident. sənin komandan sənə xəyanət edir. Bunları durdurun. Ya durdurun, ya durduracağıq».

Məsələyə, hələlik, Xətai birinci seçki dairəsinin dairə seçki komissiyasının və Daxili İşlər Nazirliyinin münasibətini almaq mümkün olmayıb.

Təqribən 10-15 dəqiqə sonra saxlanan namizədlər sərbəst buraxılıblar.

33 saylı Xətai birinci seçki dairəsinin namizədləri etiraz edir
33 saylı Xətai birinci seçki dairəsinin namizədləri etiraz edir

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası ( MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Xətai birinci seçki dairəsindən, hələlik, lider namizədin hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi olduğu bildirilir.

Bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb.


«Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... Səslərin hesablanması prosesi müşahidə aparılan məntəqələrin yarısından çoxunda mənfi olaraq qiymətləndirilmişdir ki, bunun da səbəbi seçki qutularının açılmasından əvvəl mütləq olan prosedurlarının aşkar gözlənilməməsi və şəffaflığın məhdudlaşıdırılması idi», - rəydə vurğulanıb

Prezident İlham Əliyev isə fevralın 10-da görüşlərdən birində deyib ki, ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir: «Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir».

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG