Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 23:19

Turist sayı azalır, ərzaq ucuzlaşır – Qərb mediası


Arxiv fotosu

Bu il koronovirus pandemiyasına görə dünyada turist səfərləri 60-80 faiz azalacaq. Bunu Dünya Turizm Təşkilatı mayın 7-də açıqlayıb. Qurum daha öncə azalmanın 20-30 faiz olacağını deyirdi.

İlin birinci yarısında turist səfərləri 22 faiz azalıb. Ən böyük ziyan isə Asiya və Avropaya dəyib. Məlumatı “Frans Pres” agentliyi Madriddən mənzillənən quruma istinadla yayıb.

BMT-nin ərzaq agentliyi isə apreldə dünyada ərzaq qiymətlərinin ardıcıl olaraq üçüncü ay ucuzlaşdığını bildirib.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ərzaq qiymətləri indeksinə dənli bitkiləri, süd məhsullarını, ət və şəkəri salır. Səbətin mart ayına nisbətən 3,4% ucuzlaşdığı bildirilir.

Şəkərin qiymətinin martdan bəri 14,6% ucuzlaşaraq son 13 ildə ən aşağı həddə düşdüyü vurğulanır. Bir tərəfdən koronavirus tələbə təsirini göstərir, digər tərəfdən xam neftin ucuzlaşması etanol istehsalı üçün şəkər qamışına tələbatı azaldır.

Bitki yağlarının qiymət indeksi 5,2%, süd məhsulları indeksi 3,6% azalıb.

Ət indeksi isə 2,7% düşüb. Çində idxalın nisbətən bərpa olunmasına baxmayaraq, başqa yerlərdə idxal zəifdir.

İstehlak niyə azalır

FAO böyük istehsalçıların logistik çətinliklər yaşadığını vurğulayır, çünki bir çox yerlərdə koronavirusa görə məhdudiyyətlər satışda kəskin düşüşə səbəb olub.

“Pandemiya həm ət tələbinə, hə də təchizata təsir göstərir, restoranlar bağlanıb, ailələrin gəlirlərinin azalması istehlakı azaldır, emal sahəsində əmək qıtlığı istehsal sistemlərinə təsirsiz ötüşmür”, – FAO-nun baş iqtisadçısı Upali Galketi Aratchilage deyib.

Digər indekslərə baxanda dənli bitkilər azacıq ucuzlaşıb, buğda və düyünün beynəlxalq qiymətləri kəskin qalxsa da, qarğıdalının qiyməti xeyli düşüb.

FAO 2020/21-ci illər üçün qlobal buğda təchizatı və tələbatı üzrə də proqnozlarını açıqlayıb. Dünyada hasilatın 762,6 milyon ton, yəni təxminən 2019-cu il səviyyəsində olacağı gözlənir.

Qurum bildirir ki, Avropa Birliyi, Şimali Afrika, Ukrayna və Birləşmiş Ştatlarda məhsul yığımının azalacağı gözlənilsə də, Avstraliya, Qazaxıstan, Rusiya və Hindistanın hesabına yığımda balans yaranacaq.

2020/21-ci illərdə buğdadan qlobal istifadə sabit qalacaq. Yem və sənaye məqsədli istifadə azalsa da, ərzaq istehlakında artım gözlənir.

XS
SM
MD
LG