Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:09

Pandemiyanın internetsiz, işsiz qoyduqları – Qərb mediası


Bolqarıstanda işsizlər
Bolqarıstanda işsizlər

Koronavirus qadağaları internetə çıxışı olmayan kasıbların daha da çıxdaş olunması deməkdir. Tədqiqatçılar, insan haqları qrupları hökumətləri və telekommunikasiya şirkətlərini bu şəxsləri internetlə təmin etmək yönündə çalışmağa çağırıb.

“İnternet artıq təməl ehtiyaca çevrilib. Bu artıq bir imtiyaz, komfort deyil”, – Fransanın Capgemini texnoloji konsultasiya şirkətindən Aiman Ezzat “Reuters” agentliyinə deyib.

“İnternetin olmamağı insanların dövlət xidmətlərinə, təhsilə çıxışını əngəlləyir. Bu, sadəcə, sizin edə biləcəklərinizi məhdudlaşdırır”, – o, sözlərinə əlavə edib.

BMT-nin internet və telekommunikasiya agentliyinin (ITU) məlumatına görə, dünyada hər iki nəfərdən təxminən biri internetdən istifadə eləmir.

Hələ COVID-19-dan qabaq kampaniyaçılar deyirdilər ki, sosial təcrid, azalan iş yerləri və təhsil imkanları kontekstində gələcək həyat elə də parlaq görünmür.

Ərzaq və kirayə pulu daha vacibdir

Karantin başlanandan onlayn xidmətlərdən istifadə edən kitabxanalar, internet kafelər bağlanıb. Bunu Yaxşı İşlər Fondunun (Good Things Foundation) rəhbəri Helen Milner deyir.

Onun sözlərinə görə, smartfonu olanlar, amma internet pulunu ödəməyə çətinlik çəkənlər daha pulsuz zonalara girə bilmirlər.

“Onların diqqəti ərzaq və kirayə puluna yönəlib”, – Milner deyir.

Capgemini 6 ölkədə – Fransa, Almaniya, Hindistan, İsveç, Britaniya və Birləşmiş Ştatlarda internetə çıxışı olmayan 1300-dən çox insan arasında sorğu keçirib, 69%-in yoxsulluq içində yaşadığı bəlli olub.

İnternetə çıxışı olmayanların 40 faizindən çoxu 18-36 yaşlılardır.

Bu sorğu dekabr-fevral aylarında keçirilib, onda hələ koronavirus qadağaları başlamamışdı. Ezzat pandemiyanın bu problemləri daha da şişirtdiyini düşünür.

Dünyada 1,6 milyard işçi, yəni qlobal əmək qüvvəsinin yarıya qədəri pandemiyaya görə gəlirlərini itirmək təhlükəsiylə üzləşiblər, bunu Beynəlxalq Əmək Təşkilatı deyir.

Milnerin sözlərinə görə, Britaniya və başqa yerlərdə internetə çıxışı olmayanlar virus haqda informasiya ala, qohumları ilə danışa, iş, yaxud sığınacaq müraciətləri üçün müsahibədən keçə, rifah proqramlarına, bank xidmətlərinə çıxış əldə edə bilmirlər.

Tunisdən Birləşmiş Ştatlaradək bir çox ölkələrdə telefon şirkətləri qiymətləri azaltmaqla, genişzolaqlı internet təminatını gücləndirməklə, internet paketlərinə limitləri qaldırmaqla problemi həll etməyə çalışırlar. Bunu isə “Access Now” rəqəmsal hüquqlar təşkilatı ötən həftə bildirib.

Qeyd edək ki, Azərbaycanda da mobil telefon şirkətlərinə, internet provayderlərinə oxşar çağırışlar olunsa da, pandemiya dövründə əhaliyə internetlə təminatda elə bir güzəşt olunmayıb.

Balkanlarda kütləvi ixtisarlar

“Balkan Insight” portalı isə Balkan ölkələrində COVID-19 pandemiyası ucbatından yüzminlərlə fəhlənin işsiz qalmasından söz açır. Bunu hələ rəsmi statistikaya əsasən söyləmək olar, çoxları real rəqəmlərin daha yüksək olduğunu düşünür.

Rumıniya, Bolqarıstan, Xorvatiya kimi AB üzvləri kütləvi ixtisarlardan, iş yerlərinin müvəqqəti bağlanmasından. Serbiya, Şimali Makedoniya və Monteneqro kimi ölkələrdə rəsmi rəqəmlər daha kiçik görünür və onların natamam metodologiyasına görə xeyli mübahisə doğurur.

Martın 16-dan aprelin 30-dək Rumıniyada yarım milyondan çox iş yeri ya bağlanıb, ya da müvəqqəti qapadılıb. Bunu Əmək Nazirliyi bildirir. 725 mindən çox işçinin kontraktı müvəqqəti dayandırılıb deyə, böhran bitincə işlərinə dönəcəklərinə ümid edirlər. 276 min nəfər isə uzunmüddətli işsizlər ordusuna qoşulub.

Bolqarıstanda martda pandemiya başlanandan 91 min 783 nəfər daimi işsizə çevrilib. Bununla işsizlərin sayı 231 min nəfərə çatıb.

Xorvatiyada mart-aprel aylarında işsizlik müavinəti üçün 290 min nəfər müraciət edib.

Amma Serbiyada aprelin 7-dək cəmi 4 min 300 nəfərin işsiz kimi qeydiyyatdan keçdiyi bildirilir. Müstəqil işəgötürmə vebsaytı olan Poslovi Infostud-un keçirdiyi sorğu isə ölkədə aprelin 10-dək işçilərin 12 faizinin işini itirdiyini üzə çıxarıb. İşçilərin 30 faizə qədəri işəgötürənlərin göstərişləri əsasında məzuniyyətə göndərilib, xəstəlik, yaxud ödənişsiz məzuniyyət götürüb.

Şimali Makedoniyada mart-aprel aylarında 9 min nəfərin işsiz kimi qeydiyyatdan keçdiyi bildirilir. Martda işsizliyin 17 faizdən yuxarı olduğu bildirilirdi və bu rəqəmin həmin göstəricini kəskin artıracağı gözlənilmir.

Məqalədə deyilir ki, Serbiyada olduğu kimi, Şimali Makedoniyada da işəgötürmə bürosu yalnız işsiz kimi qeydiyyatdan keçənləri sayır, işsizlik statusu üçün təkrar müraciətləri nəzərə almır.

XS
SM
MD
LG