Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:24

Karantini necə yumşaltmalı


Seul, 30 aprel, 2020-ci il
Seul, 30 aprel, 2020-ci il

Dünyanın bir çox ölkələrində karantin qadağaları tədricən qaldırılır və iqtisadiyyatlar açılır. Hökumətlər çətin seçim qarşısındadırlar: həm pandemiya ilə mübarizə davam etməlidir, həm də insanların normal həyata qayıtmasına icazə verilməlidir.

İnsanlar evdə, bizneslər isə bağlı qaldıqca iqtisadiyyatlar ziyan çəkəcək, işsizlik, yoxsulluq artacaq. Digər tərəfdən, insanları işə göndərmək daha çox adamın yoluxması və ölməsi deməkdir.

Səhiyyə ekspertləri xəbərdarlıq edirlər ki, qadağaları sürətlə qaldırmaq infeksiyaların ikinci dalğasını sürətləndirə bilər.

Karantindən məsuliyyətlə çıxmaq

Aprelin ortasında Belçikada bir qrup tanınmış səhiyyə eksperti “Nature Medicine” jurnalında tövsiyələrində yazırdılar ki, “əsrin başlanğıcından hökumətlər ən çətin səhiyyə problemi ilə üz-üzə qalıblar: karantindən məsuliyyətlə çıxmaq strategiyası ilə”.

Onlar üç tövsiyə irəli sürürdülər. Birincisi, fiziki məsafə qaydası gözlənilməlidir. İkincisi, səhiyyə sistemləri virusun aşkarlanması, eləcə də immuniteti yarananların müəyyənləşdirilməsi üçün qabiliyyətini “nəhəng şəkildə yaxşılaşdırmalıdırlar”. Və nəhayət üçüncüsü, sistematik testlər və yoluxanların izlənməsi üçün hakimiyyət gərəkən işçi qüvvəsi və prosedurları işə salmalıdır.

“Bu testlərdən ilk öncə təməl xidmətlər göstərənlər”, məsələn, tibb, təhlükəsizlik, ərzaq paylanması ilə məşğul olanlar keçməlidirlər, tövsiyələrdə deyilirdi.

İtaliyalı virusoloq Elisabetta Groppelli deyir ki, ölkələrin koronavirus vaksini tapılmamışdan karantini yüngülləşdirməyə çalışması onu təəccübləndirmir. O, mayın 4-də AzadAvropa/ AzadlıqRadiosu-na müsahibəsində deyib ki, karantin “uzunmüddətli həll yolu deyil”.

“Karantin müxtəlif ölkələrdə fərqli səviyyədə tətbiq olunur. Amma bu… sərtdir. Bu, nə fərdi, nə də ölkə səviyyəsində davamlı ola bilər”, – Groppelli deyib.

O, bir neçə həftəlik qadağalardan sonra Avropanın bir sıra ölkələrində xəstəxanalara, reanimasiyalara xəstə qəbulunun ciddi şəkildə azaldığını vurğulayır. “Karantinin qaldırılmasında bu məsələ vacibdir”, – deyə əlavə edir.

İtaliya və İspaniya

Avropada koronavirusun ilk və ən ağır zərbəni yeyən İtaliya karantindən bir neçə həftə ərzində tədricən çıxır. İndilik məktəblər, muzeylər bağlıdır, restoranlar içində xidmət göstərilmir.

Sərt fiziki məsafə qaydaları tətbiq olunur.

İspaniya qadağaların qaldırılması üçün dörd mərhələli plan hazırlayıb.

“Sıfır fazası” adlanan birinci mərhələ mayın 4-dən başlanıb, bir həftə çəkəcək. 5 mindən çox əhali yaşayan icmalarda insanların evlərindən çıxması üçün qrafik müəyyənləşdirilib.

Bu mərhələdə restoranlar açılır, amma sifarişləri yalnız özünlə götürmək olar.

Bir avtomobildə yalnız bir nəfərin getməsinə icazə verilir, həm də ərzaq, dərman, benzin kimi vacib şeylər dalınca getməyə.

İctimai nəqliyyatda üz maskalarının taxılması məcburidir, sərnişinlərdən fiziki məsafə gözləmək tələb olunur.

İkinci mərhələ mayın 10-dan başlanmalıdır və bu zaman hökumətin “həyəcan durumu” başa çatır.

Sonrakı mərhələlər hər iki həftədən bir, hər bir regiondakı vəziyyətdən asılı olaraq həyata keçiriləcək.

Rəsmilər “yeni normal həyata” iyunun 25-dək icazə veriləcəyini, məktəblərin isə sentyabradək açılmayacağını bildirir.

Parlament isə mayın 6-da “həyəcan vəziyyəti”ni mayın 25-dək uzatmaq məsələsini müzakirəyə çıxaracaq.

Almaniya və Cənubi Koreya

Almaniya Kansleri Angela Merkel əyalət rəhbərlərini iqtisadiyyatı açmağa tələsdiklərinə görə tənqid edir. Mayın 4-dən oyun meydançaları, muzeylər, kilsələr, eləcə də gözəllik salonları açılıb. Həmçinin ibtidai və orta məktəblərdə şagirdlərin çoxu dərsə başlayıb. Başqa məktəblərin mayın 11-dən açılacağı gözlənir.

Bayırda bir evdən iki nəfərin bir yerdə olmasına icazə verilir, həm də insanlar 1,5 metrlik məsafəni gözləməlidirlər.

Yalnız bir neçə yoluxma halının qeydə alındığı əyalətlərdə beş nəfərədək insanın bir yerə yığışmasına icazə verilir.

Digər ölkələr kimi sərt karantin tədbirlərinə əl atmayan Cənubi Koreya aprelin 20-dən ictimai səhiyyə məhdudiyyətlərini yüngülləşdirməyə başlayıb.

Bu ölkədə yanvarın 20-də ilk yoluxma halı qeydə alındı və hökumət kütləvi test komplektlərinin istehsalına göstəriş verdi. Artıq fevralın əvvəlində Cənubi Koreyada günə 100 min test dəsti istehsal olunurdu və 600-dən çox test mərkəzi açılmışdı.

Yəni, rəsmi orqanlar virusun yayılmasını nəzarətdə saxlaya bildilər və onu böhran həddinə çatdırmadan müalicə etdilər.

Virusun yayılmasını önləmək üçün fiziki məsafə qaydaları tətbiq olundu.

Parklar, qolf mərkəzləri, ticarət mərkəzləri, restoranlar açıldıqca bir çox koreyalılar hələ də maska taxır, fiziki məsafəni gözləyirlər.

Azərbaycanda

Mayın 5-də açıqlanan məlumata görə, Azərbaycanda 2060 nəfərin koronavirus infeksiyasına yoluxması müəyyən edilib. Onlardan 1508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib.

Martın 14-dən Azərbaycanda kütləvi tədbirlər ləğv edilib. Martın 3-dən orta və ali məktəblərdə dərslər artıq dayandırılmışdı. Həmin ayın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmir.

Aprelin 5-dən isə karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib, icazə almalıdırlar.

Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Bununla belə, əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən də yumşalma və fəaliyyətinə icazə verilən sahələr genişlənib. Artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG