Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:29

Nazarbaeva spikerlikdən çıxarıldı: düşmən barmağı, yoxsa...


Darigha Nazarbaeva
Darigha Nazarbaeva

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbaev-in nüfuzlu qızı Darigha Nazarbaeva ötən həftə senat spikerliyindən çıxarıldı və dünən – mayın 4-də Maulen Ashimbaev onun yerinə təyin olundu. AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Bruce Pannier bu gözlənilməz addımın mümkün səbəblərindən yazır.

Prezident Qasym-Zhomart Toqaev-in vebsaytında mayın 2-də bu haqda qısa açıqlama koronovirusla mübarizə aparan, neftin ucuzlaşmasına görə böyük gəlirlərindən məhrum olan ölkəyə daha böyük qeyri-müəyyənlik gətirib.

Nazarbaev ötən il martın 19-da prezidentlikdən getdi. O, 30 ilə yaxın bir müddətdə ölkəni idarə etmişdi. Qızı Nazarbaeva isə ertəsi gün senatın spikeri təyin olundu. Senat lideri ölkə konstitusiyasına görə, hakimiyyətdə ikinci postdur. Prezident vəzifəsinin öhdəsindən gələ bilmədiyi halda, səlahiyyətləri spikerə keçir.

Suallar

Nazarbaeva-nın vəzifədən qəfil uzaqlaşdırılması Toqaev-in Nazarbaev ailəsinin kölgəsindən çıxmaq cəhdidir, yoxsa sadəcə, Nazarbaev loyalistləri arasında silkələnmədir?

Ashimbaev dekabrdan bəri prezident administrasiyasının rəhbər müavinidir, azı 15 ildir Nazarbaev-in nəzarətində olan hakim Nur-Otan partiyasına sədaqətlə xidmət edir.

Toqaev iyunda erkən prezident seçkisinə qatılanda onun seçki qərargahının sədri olub.

Amma Ashimbaev-in Toqaev-in qısa hakimiyyəti dövründə karyerasında sürətlə yüksəlişi onun sədaqətinin daha çox indiki prezidentə bağlı olduğunu göstərir, Nazarbaev-ə deyil.

İnformasiya və Sosial İnkişaf naziri Dauren Abaev prezident administrasiyasının rəhbər müavini təyin olunub. Aida Balaeva isə prezidentin köməkçisi vəzifəsindən Abaev-in yerinə təyinat alıb.

Müəllif yazır ki, bu baş verənlər heç də Nazarbaev istefa verəndə başlanan, idarəolunan keçidin tərkib hissəsi kimi görünmür. Və əgər Qazaxıstanda doğrudan da hakimiyyət dəyişikliyi olarsa, Nazarbaev ailəsinin sərvəti əldən çıxa bilər.

Növbəti günlərdə Nazarbaev ailəsinin digər üzvlərinin nüfuzunu məhdudlaşdırmaq yönündə addımlar atılarsa, bu, daha aydın şəkildə üzə çıxmış olar. Məsələn, Nazarbaev-in ikinci qızı Dinaranın əri Timur Kulibaev nəhəng sərvət toplayıb, ölkənin biznes dünyasında nüfuzu həddən artıq çoxdur. Onun adı hətta əvvəllər Nazarbaev-in mümkün varisi kimi hallanırdı.

Nazarbaeva-nın işdən çıxarılmasının isə bir neçə səbəbi ola bilər. Mayın 7-də onun 57 yaşı tamam olacaq və 20 ildir siyasətdədir.

Beynəlxalq qalmaqallar

Son vaxtlar Nazarbaeva-nın adı beynəlxalq mediada bir neçə dəfə çəkilib və hər dəfə də hansısa qalmaqala bağlı olub. Apreldə oğlu Nurali Aliev-lə birlikdə Britaniyadakı əmlaklarının müsadirəsindən canlarını qurtara biliblər. İzaholunmaz Sərvət Orderində əmlakın dəyərinin 100 milyon dollardan çox olduğu göstərilir. Amma media Nazarbaev ailəsinin üzvlərini aylardır arzuolunmaz diqqət mərkəzində saxlayır.

2020-ci ilin ilk həftələrində Nazarbaeva-nın kiçik oğlu, narkotik problemlərindən əziyyət çəkən Aisultan sosial şəbəkələrdə yerləşdirdiyi postlarda, müsahibələrində qəribə iddialar səsləndirib, anasının onu öldürmək istəməsindən, banbaşının əslində, onun atası olmasından danışıb.

Nazarbaeva Qazaxıstanın müstəqillik ölkələrində imtiyazlı övlad kimi tanınıb. 1990-cı illərdə ölkənin tanınmış televiziya və radiokanallarından bəziləri ona və keçmiş həyat yoldaşı Rakhat Aliev-ə məxsus olub, ölkədə aparıcı biznes sahələrində maraqları olub.

Rakhat Aliev siyasi və biznes rəqiblərinin qətlində ittiham olunub. Sonucda isə qayınatası Nazarbaev hökumətini devirməyi planlaşdırmaqda suçlanıb.

Nazarbaeva 2007-ci ildə Aliev-dən ayrılıb, o, bir növ sürgünə göndərilib, ölkənin Avstriyadakı səfiri, Vyanada yerləşən beynəlxalq təşkilatlarda təmsilçisi təyin olunub.

Aliev 2009-cu ildə yazdığı “Xaç qayınatası” kitabında Nazarbaev-in idarəçiliyi dövründə korrupsiya sxemlərindən söz açırdı. O, 2015-ci ildə Avstriyada həbsxanada müəmmalı şəkildə vəfat etdi. Rəsmən intihar etdiyi bildirilsə də, bu versiyanın əksini iddia edən etibarlı məlumatlar vardı.

Nazarbaeva uzun müddət siyasi həyatdan itdi, 2012-ci ilə parlamentə keçdi və Nur-Otan partiyasının fraksiyasına başçılıq etdi.

Düşmən barmağı?

Nazarbaeva-nın siyasi karyerası zamanı bir sıra düşmənləri yaranıb, onlardan birinin də Nazarbaev sadiqlərindən olan Asylbek Jaksybekov olduğu bildirilir. O, 2018-ci ilin sentyabrında prezident administrasiya rəhbərliyindən qəfil uzaqlaşdırıldı. Kimlərsə bunda Nazarbaeva-nın əli olduğunu güman edirdi.

Bəzilərinin fikrincə, Nazarbaeva atasının razılığı olmadan vəzifədən kənarlaşdırıla bilməzdi. Hətta Özbəkistanın ilk prezidenti Islam Karimov-la böyük qızı Gulnara Karimova-nın münasibətləri arasında paralellər aparanlar da var.

Bəziləri düşünürdülər ki, Nazarbaeva-nın Senat sədri təyin olunması onun Karimova-nın taleyini yaşamayacağının təminatıdır. Axı, atasının ölümündən sonra Karimova dərhal mühakimə olundu, maliyyə cinayətlərində təqsirli bilinərək həbsə göndərildi.

Hazırda koronavirus pandemiyasına görə təcrid olunmuş, sözçü vasitəsilə açıqlama verən Nazarbaev ətrafında da böyük suallar dolaşır. Onun kommunikasiya xətləri hansı durumdadır?

Dövlət mediası onun müxtəlif rəsmilərlə görüşdüyünü bildirir. Amma rəsmi görüşlər keçirən, səhiyyə işçiləri ilə görüşən Toqaev-dir və koronavirusla mübarizənin məsuliyyətini götürdüyünü sərgiləyir.

Nazarbaev-in səhhətinin elə də yaxşı olmadığı versiyası da mövcuddur. Onun iyulda 80 yaşı olacaq və ölümündən sonra ölkədə əsas vəzifələr uğrunda mübarizə qızışa bilər.

Nazarbaeva-nın başqa bir vəzifəyə keçiriləcəyi gözlənir. Ancaq əgər onun doğrudan da siyasi opponentləri varsa, onu senatdan çıxarmağa çalışacaqlar.

İstənilən halda, hökumətdə 2-ci şəxs olan Nazarbaeva bundan sonra hansı posta təyin olunsa, vəzifəcə kiçildilmiş sayılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG