Keçid linkləri

Təcili xəbərlər
2023, 29 May, Bazar ertəsi, Bakı vaxtı 06:19

Dünyanı dəyişən virus – Qərb mediası


Arxiv fotosu

COVID-19 pandemiyası bəşəriyyət tarixinin texnoloji baxımdan ən bacarıqlı nəslini bir neçə həftəyə diz üstə çökdürdü. Bu böhran siyasi qurumların yenilənməli olduğunu göstərir. “The Project Syndicate” portalında Almaniyanın keçmiş xarici işlər naziri Joschka Fischer yazır ki, pandemiya həm milli, həm də beynəlxalq miqyasda əhalinin etibar etdiyi qurumların zəifliyini üzə çıxardı.

“Dünyanın ən qabaqcıl və güclü ölkələri pandemiya qarşısında ən hazırlıqsız durumda qaldılar. Tədqiqat və hazırlanmaya yüzmilyardlarla dollar xərcləyən bu ölkələr ən güclü texnologiya və güclü orduya malikdirlər, amma növbəti böyük təhdidin təbiətdən gələ biləcəyi riskini ciddiyə almadılar. İndi bunun görünməmiş miqyasda bir səhv olduğunu anlayırıq. İndiyədək ağlasığmayan bir şey artıq baş verib”, – məqalədə deyilir.

Müəllif yazır ki, ilk baxışda COVID-19-un oturuşmuş qurumları möhkəmləndirdiyi görünür. ənənəvi dövlətlər dəhal virusun qarşısını almağa, onun iqtisadi fəsadlarını aradan qaldırmağa girişiblər. Müharibədən sonra təsis olunmuş çoxtərəfli qurumlar isə yalnız dəstəkləyici rolda çıxış edib. Hətta Avropada pandemiya ilə mübarizədə Avropa Birliyinin deyil, ayrı-ayrı dövlətlərin mübarizə apardığı görünür. Amma müəllif bunun yanlış anlayış olduğunu qeyd edir, beynəlxalq sistemin onillər boyunca milli və transmilli sistemlər arasında qeyd-şərtsiz kompromisə əsaslandığını yazır. “Amerika çoxtərəfli çərçivəni həm qoruyur, həm də onun daxilində fəaliyyət göstərirdi. Prezident Donald Trump vəzifəyə gələndən sonra Birləşmiş Ştatlar özünü heç nə etməyə borcu saymadı”, – məqalədə vurğulanır.

“Yeni informasiya və kommunikasiya texnologiyaları, əmək bölgüsündə dəyişikliklər qarşılıqlı asılılığı getdikcə artırıb. İndi virus dünyanı lərzəyə saldığı bir vaxtda öyrəndik ki, qloballaşmış iqtisadiyyat sürətli yarış maşını kimidir: həm yüksək səviyyədə səmərəli, həm də kövrəkdir”, – yazan müəllifin fikrincə, gələcəkdə ənənəvi dövlətin, ABŞ, yaxud Çin kimi qüdrətli olmasından asılı olmayaraq, 8 milyarddan çox əhalisi olan, qarşılıqlı əlaqəli dünyanı idarə edə bilməyəcəyi görünür.

“Milli dövlətin maraqları sadəcə, xeyli məhdudlaşır... COVID-19 pandemiyası göstərir ki, milli maraqlar sonucda arxa plana keçməli olacaq. İqlim dəyişikliyinin yaradacağı böhranlar isə daha böyük, fəsadları daha qarşısıalınmaz olacaq”, – məqalədə deyilir və pandemiyadan sonrakı dövrdə beynəlxalq əməkdaşlığı, çoxtərəfli qurumları gücləndirməyin lazım gələcəyi vurğulanır.

“Post-Amerika dünyasına xoş gəldiniz”

Bunu isə “The Project Syndicate” portalında İsveçin keçmiş xarici işlər naziri Carl Bildt yazır.

Müəllifin fikrincə, Donald Trump prezident seçiləndən sonra Amerikanın qlobal liderlik dövrü başa çatıb. Koronavirus pandemiyası isə post-Amerika erasının ilk qlobal böhranıdır və növbəti illər ərzində dünyaya yeni düzən verəcək.

“Hətta Barack Obamanın prezidentliyi dövründə belə ABŞ qlobal öhdəliklərindən geri çəkilirdi, hər bir problemlə məşğul olmağa resursu çatmadığını anlayırdı. Amma Birləşmiş Ştatlar ‘arxadan liderlik’ etməsinə baxmayaraq, bunu edirdi”, – müəllif yazır və bunun fəsadlarının indi çılpaqlığı ilə üzə çıxdığını qeyd edir.

“2014-cü ildə Qərbi Afrikada Ebola yayılmağa başlayanda bu regional bəlanın qlobal miqyas alacağı riski vardı. Obama administrasiya işə girişdi. Dünya Səhiyyə Təşkilatı ilə sıx işləyən ABŞ qlobal tədbirləri səfərbər etdi və sonucda epidemiyanın qarşısı alındı. Heç kəsin ağlına gəlmədi ki, Ebolaya “Afrika virusu” damğası vursun, yaxud DST-ni səhlənkarlıqda, sui-istifadədə suçlasın”, – məqalədə deyilir və o vaxtdan bəri qlobal əməkdaşlığın hücuma məruz qaldığı vurğulanır.

“Avropa Birliyi fəallaşa bilərmi, yoxsa başı öz problemlərinə qarışıb? Tamamilə yeni koalisiya yaradılmalıdır, yoxsa ölümcül virusun yeganə qlobal fenomen sayıldığı beynəlxalq düzəndə qeyri-müəyyən çaxnaşma davam etməlidir? Post-Amerika dünyasında əsas suallar bunlardır”, – müəllif yazır.

XS
SM
MD
LG