ABŞ ştatlarının yarıya qədəri koronavirus qadağalarını yüngülləşdirmək üçün öz strategiyalarını hazırlayırlar. Restoranların, mağaza və digər bizneslərə qadağaların yumşaldılması üçün təzyiq artmaqdadır.
İşsizlik Böyük Depressiyadan bəri ən yüksək səviyyəyə çatıb deyə, bir çox ştat qubernatorları tədbir görməli olduqlarını deyirlər. Səhiyyə ekspertləri isə xəbərdarlıq edirlər ki, sürətli tədbirlər pandemiyanı qaytara bilər.
Əsasən ölkənin cənubunda və mərkəzində 20-dən artıq ştat məhdudiyyətləri yumşaltmağa başlayıb. Amma şirkətlərdən yenidən işə başlamaq tələb olunmur, üstəlik, nə qədər insanın mağaza və restoranlara üz tutduğu da aydın deyil.
Çində parklar, muzeylər açılır
Çində Pekindəki parklar və muzeylər mayın 1-dən açılıb. Koronavirus pandemiyasına görə onlar aylarla bağlı qalmışdı.
Çində imperatorların məkanı sayılan “Qadağan olunmuş Şəhər”ə hər gün 5 min ziyarətçi buraxılır, normalda isə 80 min buraxılırdı. Parklara həmişəki ziyarətçilərin 30 faizinə giriş icazəsi verilir.
1 may Beynəlxalq Əmək Günü ərəfəsində Dünya Səhiyyə Təşkilatı (DST) bildirib ki, Avropa koronavirus pandemiyasının “cəngində” qalmaqdadır, baxmayaraq ki, bir çox ölkələr qadağaları yüngülləşdirmək yolu tutub.
DST-nin Avropa regionunda məhdudiyyətlər tətbiq etmiş 44 ölkədən 21-də artıq yumşalma başlanıb və daha 11-i də bunu planlaşdırır.
ABŞ ştatlarında parklar və çimərliklər açılsa da, insanlardan böyük qruplar halında yığışmamaq, 2 metrlik məsafə saxlamaq tələb olunur.
Bir çox ölkələrdə yoluxma halları artmaqdadır. ABŞ-da epidemiyanın episentri sayılan Nyu York ştatında və digər yerlərdə isə pik həddə çatdığı görünür.
ABŞ-da COVID-19-dan 63 minə yaxın ölüm halı qeydə alınıb, onun üçdə biri Nyu Yorkun payına düşür.
30 milyon işsiz
Aprelin 30-da yayılmış hesabatdan aydın olur ki, martın 21-dən 30 milyon amerikalı işsizlik müavinəti üçün müraciət edib. Bununla da işsizlik səviyyəsi 18 faizi keçib.
Miçiqan ştatının paytaxtında isə yüzlərlə etirazçı evdə qalmaq göstərişinin qaldırılmasını tələb ediblər. Son həftələr ştatların mərkəzlərində bir neçə oxşar etiraz keçirilib.
Amma indilik COVID-19-un peyvəndi, yaxud müalicəsi tapılmadığından məktəblərin, şirkətlərin, kilsə və restoranların bağlanması virusun yayılmasının önlənməsində əsas silah sayılır.
ABŞ hökuməti ştatlara tövsiyə edir ki, yalnız sərt tədbirlər görərək mərhələli təkrar açılma gerçəkləşdirə bilərlər. Bu tədbirlərə testlər, xəstələrin kiminlə ünsiyyət saxlamasının izlənməsi, müalicə daxildir. Tibb ekspertləri bir çox ştatlarda bu şərtlərin yerinə yetirilmədiyini bildirir.
Dünya üzrə COVID-19-dan 233 min nəfər vəfat edib. Təsdiqlənmiş yoluxma halları 3,2 milyonu keçib. Real rəqəmlərin isə daha yüksək olduğu düşünülür, çünki testlər məhdud sayda aparılır, ölü sayının statistikası fərqli aparılır, bəzi hökumətlər rəqəmləri gizlədir.