Keçid linkləri

Təcili xəbərlər
2020, 06 İyul, Bazar ertəsi, Bakı vaxtı 23:59

Beynəlxalq hesabat: ‘Mətbuat azadlığından əllərinizi çəkin’


Karikatura

2019-cu ildə Avropa mətbuat və ifadə azadlığı üçün gərgin və çox təhlükəli döyüş meydanına çevrilib. Avropa Şurasının jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyini təbliğ edən Platforması media azadlığına 142 ciddi təhdid sənədləşdirib. Bunların sırasında jurnalistlərə 33 fiziki hücum, 17 yeni saxlama və həbs, 43 qısnama və qorxutma və iki qətlə görə cəzasızlıq halları daxildir.

Hesabat belə adlanır: “Mətbuat azadlığından əllərinizi çəkin: Avropada mediaya hücumlar yeni normaya çevrilməməlidir”.

Platforma bildirir ki, bu hallar jurnalistləri susdurmaq üçün onların getdikcə daha çox qorxudulduğunu göstərir və üzv ölkələr demokratik cəmiyyətlərdə azad mətbuatın vacib rolunu təmin etmək üçün təcili tədbirlər görməlidirlər.

Jurnalistlər öldürülür, həbs olunur

İl ərzində Avropa Şurasının üzvü olan ölkələrdə iki jurnalist öldürülüb. Lyra McKee Şimali İrlandiyada (Böyük Britaniya) nümayişi işıqlandıran zaman güllələnib. Vadym Komarov isə Ukraynada hücumda aldığı ağır xəsarətlərdən vəfat edib.

Səkkiz ölkədə azı 22 jurnalistin qətlində günahı olanlar cəzasız qalır və bu, Avropanın hüququn aliliyinə kollektiv öhdəliyini sual altına alır. 2017-ci ildə Maltada öldürülmüş Daphne Caruana Galizia-nın və 2018-ci ildə Slovakiyada nişanlısı ilə birlikdə qətlə yetirilmiş Ján Kuciak-ın qatilləri hələ də məsuliyyətə cəlb olunmayıblar.

“Türkiyədə 27, Azərbaycanda dörd, Ukraynada 2 jurnalistin buraxılmasına baxmayaraq, Avropada jurnalistin həbsi üzrə göstəricilər pis olaraq qalır. 2019-cu ilin sonunda Türkiyədə, Azərbaycanda, Rusiyada və Rusiyanın ilhaq etdiyi, Ukraynanın Krım regionunda azı 105 jurnalist həbsdə idi”, – məlumat deyilir.

Platforma informasiyaya siyasi nəzarətin getdikcə artdığını, dövlətin, mediaya oliqarxların sahiblənməsi ilə daha təkmil forma aldığını vurğulayır. Media izlənir, kiberhücumlara məruz qalır, tənqidçi media orqanları, onlayn portallar bağlanır və sairə.

Hesabatı hazırlayan tərəfdaş təşkilatlar Azərbaycanı, Bosniya-Herseqovina, Rusuya Federasiyasını Platformayla konstruktiv işləməyə çağırırlar.

Azərbaycan

Hesabatda 2005-ci ildə qətlə yetirilmiş Elmar Hüseynov, 2011-ci ildə öldürülmüş yazıçı Rafiq Tağının adları çəkilir, onların qatillərinin tapılmadığı vurğulanır.

“İllər boyu Azərbaycan hökuməti tənqidçi jurnalistləri susdurmaq üçün həbslərdən istifadə edib. 2019-cu ildə bu ölkədən gəlmiş yeddi siqnaldan dördü saxlanmayla bağlı olub. 2019-cu ilin martında korrupsiya ilə mübarizə aparan bloqer Mehman Hüseynov daxil olmaqla qanunsuz saxlanmış bir sıra jurnalistlər buraxılsa da, jurnalistlərin saxlanması və təhdid olunması davam edir”, – hesabatda deyilir.

Platforma hesabat hazırlanan zaman altı jurnalistin həbsdə olduğunu qeyd edir. Onlardan Əfqan Muxtarlı bu yaxınlarda buraxılaraq birbaşa Almaniyaya yola salınıb.

“Hakimiyyət qaydalarla, birbaşa sahiblənmə və dolayısı nəzarətlə ölkə mediasında dominantlıq edir. Bir sıra müstəqil media orqanları bağlanmalı, mühacirətə getməli olub. Ölkədə fəaliyyət göstərənlər isə hakimiyyətin və onun əlaltılarının qorxutması və təzyiqilə üzləşirlər”, – platforma bildirir.

Daha sonra sənəddə qeyd olunur ki, 2019-cu ilin oktyabrında Bakıda dinc aksiyaları işıqlandıran zamanı azı yeddi jurnalist saxlanıb, sonradan buraxılıb. Bir neçəsi polisin zorakılığı ilə üzləşib, avadanlığı zədələnib. Etirazlar zamanı Bakının mərkəzində internetin, mobil telefon xidmətlərinin kəsildiyi bildirilib.

Azərbaycan hakimiyyəti isə ölkədə media, ifadə azadlığının digər təməl hüquqlar kimi tam təmin olunduğunu bildirir. Hakimiyyət təmsilçiləri heç kəsin jurnalist fəaliyyətinə görə həbs olunmadığını, yalnız konkret cinayətlərə görə cəza çəkildiyini deyir.

Hüquq-mühafizə orqanları etiraz aksiyaları zamanı media işçilərinin zorakılığa məruz qalması haqda deyilənləri bir qayda olaraq təkzib edir.

XS
SM
MD
LG