Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:05

Milyonlarla amerikalı işsizlik müavinətini ala bilməyib


Arxiv fotosu
Arxiv fotosu

Koronavirus pandemiyası dövründə işdən kənarlaşdırılmış milyonlarla amerikalı işsizlik müavinəti almaqdan ötrü qeydiyyatdan keçə bilməyib. Bunu dünən – aprelin 28-də açıqlanmış rəy sorğusu üzə çıxarıb.

Sol-meylli İqtisadi Siyasət İnstitutunun onlayn sorğusu göstərib ki, işsizlik ərizəsi təqdim etmiş hər 10 nəfərdən üçü, ya dördü qeydiyyatdan keçə bilməyib, daha iki nəfərsə kəskin iqtisadi böhran dövründə müraciət etməyib.

14 milyonadək insan kənarda qalıb

Rəsmi statistika martın ortasından bəri 26,5 milyon amerikalıların işsizlik müavinəti üçün müraciət etdiyini deyir. Bu, ABŞ tarixində iş yerləri bumu dövründə yaradılmış işlərin hamısının ləğvi deməkdir.

Sorğuya görə, 8,9 milyondan 13,9 milyonadək insan bu sistemdən kənar qalıb. Bunu araşdırmanın aparıcı müəllifi Ben Zipperer deyir.

“Bu, insanların ehtiyac hiss etdiyi və layiq olduğu müavinətə görə müraciət edərkən çətinliklərlə üzləşməsi haqda xəbərlərin doğruluğunu təsdiqləyir”, – Zipperer bildirib.

Həmin işçilər vebsaytlara girməkdə, telefon bağlantılarında problemlərlə üzləşdiklərini deyiblər. Proqramı idarə edən ştat hökumətləri bu arada ərizəçilərin çoxluğu ilə üzləşiblər.

“Bu illər ərzində işləyəsən, amma sənə lazım olanda bunu ala bilməyəsən, biabırçılıqdır”, – 48 yaşlı Jim Hewes deyib. O, martda Floridanın Orlando şəhərində ikinci əl malların satıldığı mağazadakı işindən kənarlaşdırılıb. Amma iki həftədən çoxdur onlayn ərizəni göndərə bilmədiyini deyir.

Hewes deyir ki, aprelin 9-da ərizəsini poçtla yollayıb, amma hələ də ştatdan cavab almayıb.

“Sanki elə qurulub ki, alınmasın. Mürəkkəbləşdiriblər ki, insanlar ruhdan düşüb geri çəkilsinlər”, – o, sözlərinə əlavə edib.

9,4 faiz ərizə göndərə bilib

İnstitutun sorğunu apreli 13-dən 24-dək 24 min 607 yetkin yaşlı arasında keçirib.

Respondentlərin 9,4 faizi müavinət üçün ərizəni göndərə bildiyini, 3,4 faizi isə onda alınmadığını söyləyib.

1,9 faizin bildirməsinə görə, proses çox çətin olduğundan müraciət etməyiblər.

“Reuters” yazır ki, Nyu Cersi və Corciya kimi ştatlar onillərin texnologiyası ilə işləyən kompyuter sistemlərini yeniləyəcək işçilər tapmağa çalışırlar. Daha yeni texnologiyaya keçənlərin isə texniki problemləri çıxır.

Üstəlik, bir çox ştatlar bu problemi daha az işçiylə yoluna qoymağa çalışırlar.

2018-ci il maliyyə ilində ştatların məşğulluq idarələrində 26 min 360 tamştatlı işçi çalışıb. Bu, 2009-2010-cu illərin Böyük İqtisadi Böhranındakı işi sayından 30 faiz azdır.

Ərizələri uğurla göndərə bilmiş amerikalıları isə hələ ödənişlərini almaqdadır. Əmək Departamentinin məlumatına görə, ərizə verənlərin 71 faizi ödənişini alır, amma bu rəqəm ştatlar üzrə ciddi dəyişir.

Florida ştatı şənbə günü bildirib ki, ərizə verən hər 5 nəfərdən biri pulunu ala bilib.

Azərbaycanda da koronovirus pandemiyası ilə əlaqədar işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramı icra olunur. Amma bu ödəmənin verilməsində bir sıra problemlər ortaya çıxıb. Məsələn, bir ailədə ər və arvad da işləmirsə, onlardan yalnız biri bu yardımı ala bilər. Pay torpaqlarına görə subsidiya almış şəxslər də bu yardımdan kənar qalıb. Üstəlik, işsiz kimi qeydiyyata alınan şəxslərdən hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara da birdəfəlik ödəmənin verilməyəcəyi bildirilib. Eyni zamanda, VÖEN-i olan şəxslərin də bu yardımdan kənarda qalacağı bəlli olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG