Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 09:27

Kim-in varisi kimdir – Qərb mediası


Kim Jong-Un (ortada), Kim Yo-Jong (soldan ikinci)

Cənub Koreya rəsmiləri Şimali Koreyada hər hansı qeyri-adi hərəkət aşkarlamadıqlarını deyirlər. Son günlər Şimali Koreya lideri Kim Jong Un-un xəstələnməsi, yaxud koronavirus səbəbindən təcrid olunmasıyla bağlı məlumatlara ehtiyatla yanaşmağı tövsiyə edirlər. Bu haqda “Reuters” agentliyi xəbər verir.

Bazar günü keçirilən qapalı iclasda Cənubi Koreyanın Birləşmə naziri Kim Yeon-chul deyib ki, hökumətin kəşfiyyat qabiliyyəti ona qeyri-adi bir şey baş vermədiyini inamla deməyə əsas verir.

Kim Jong Un aprelin 15-də vacib dövlət tədbirinə qatılmayıb və o vaxtdan gözə dəyməyib. Bu da onun səhhətiylə bağlı şayiə və spekulyasiyaya yol açıb.

Kurort şəhərində “qalır”

Cənubi Koreya mediası ötən həftə yazıb ki, Kim ürək-damar əməliyyatı keçirə, yaxud koronavirusa yoluxmamaq üçün təcrid oluna bilər.

Pxenyanla münasibətlərə nəzarət edən nazir Kim isə əməliyyatla bağlı məlumatları şübhə altına alıb. O, məlumatda adı çəkilən xəstəxananın belə bir əməliyyat aparmağa qadir olmadığını bildirib.

Cənubi Koreya Milli Assambleyasının komitə sədri Yoon Sang-hyun isə bazar ertəsi ekspertlərə deyib ki, Kim Jong Un-un ictimaiyyət qarşısına çıxmaması “onun normal qaydada işləmədiyi” ehtimalına əlyeri qoyur.

Kim Jong Un “sağ-salamatdır”. Bunu isə Cənubi Koreya Prezidenti Moon Jae-in-in baş müşaviri deyib.

“Hökumətimizin mövqeyi qətidir. Kim Jong Un sağ-salamatdır”, – milli təhlükəsizlik müşaviri Moon Chung-in bazar günü CNN-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Kim aprelin 13-dən ölkənin şərqindəki Vonsan kurort şəhərində qalır. “İndiyədək şübhəli bir hərəkət müşahidə olunmayıb”, – o, sözlərinə əlavə edib.

“Kim ölsə nə olacaq? Heç kəs bilmir”

Belə bir başlıqlı məqaləni “The Washington Post” qəzeti dərc edib. Müəllif Sue Mi Terry Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin aparıcı əməkdaşıdır, vaxtilə Mərkəzi Kəşfiyyat İdarəsində Koreya üzrə aparıcı təhlilçi kimi çalışıb.

Məqalədə Kim-in ürək əməliyyatından sonra iş qabiliyyətini itirməsi, hətta ölməsi haqda şayiələr dolaşdığı vurğulanır.

“Kim ölərsə nə baş verəcəyini heç kəs bilmir – əsas problem də elə budur. Kim-in ölümü Şimali Koreyanı 72 illik tarixində ilk dəfə olaraq planlaşdırılmamış varislik məsələsiylə üz-üzə qoyar. Kim Jong Il iyirmi ilə yaxın müddətə atası Kim Il Sung-u əvəzləməyə hazırlaşırdı və 1994-cü ildə hakimiyyətə keçdi. Kim Jong Un bir neçə il ərzində hazırlaşdı, atası Kim Jong Il 2011-ci ildə vəfat etdi. Kim Jong Un isə öz varisini hazırlamaqdan ötrü çox cavandır, bircə oğlunun olduğu güman edilir, o da ibtidai məktəb yaşındadır. Kim ölərsə, Şimali Koreyada ‘Taxt-tac Oyunu’nda kimin qalib gələcəyi bəlli deyil”, – məqalədə deyilir.

Müəllif yazır ki, ən real namizəd Kim-in bacısı Kim Yo Jong-dur. Dövlət mediası Kim ailəsini ilahiləşdirir və bu ailədə də liderliyə başqa namizəd qalmayıb. Burada əsas sual əsasən kişilərin üstünlük təşkil etdiyi cəmiyyətdə elitaların gənc bir qadına dəstək verib-verməyəcəyidir.

Əgər Kim Yo Jong uduzsa, onda hakimiyyət ilk dəfə olaraq Kim ailəsindən kənara çıxa bilər. Bu zaman ən şanslı namizəd Vitse-marşal Choe Ryong Hae ola bilər. O, Politbüro üzvü, Koreya Fəhlə Partiyasının sədr müavinidir. Ailəsi Kim Yo Jong-a yaxındır. Məqalədə deyilir ki, Choe Kim ailəsindən hansısa varisi dəstəkləməyə deyil, özü hakimiyyəti ələ keçirməyə meyllidir. Belə ki, Kim Jong Un hakimiyyətə gələndə rejimin ikinci və üçüncü ən güclü üzvlərini edam edib.

XS
SM
MD
LG