Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 10:18

Kim doğrudan xəstələnib?


Donald Trump (solda) və Kim Jong Un, 30 iyun, 2019-cu il
Donald Trump (solda) və Kim Jong Un, 30 iyun, 2019-cu il

ABŞ Prezidenti Donald Trump Şimali Koreya lideri Kim Jong Un-un ağır xəstə olması haqda deyilənləri rədd edib, amma Pxenyandakı rəsmilərlə əlaqə saxlayıb-saxlamadığını da açıqlamayıb.

“Məncə, məlumat dəqiq deyil”, – Trump aprelin 23-də Ağ evdə brifinqdə deyib, həmin xəbərlərin “köhnə sənədlərə” əsaslandığını söyləyib.

Trump çərşənbə axşamı deyirdi ki, Şimali Koreya rəsmiləri ilə əlaqə saxlayaraq Kim-lə maraqlana bilər, amma dünən bu haqda nəsə deməyib. İki lider son illər mütəmadi əlaqə saxlayırlar.

Seuldakı “Daily NK” vebsaytı bazar ertəsi yazıb ki, aprelin 12-də ürək-damar proseduru keçmiş 36 yaşlı Kim sağalır. Portal Şimali Koreyada bir mənbəyə istinad edirdi. Şimali Koreyanın dövlətin nəzarətində olan mediası Kim-in harada olması haqda heç bir informasiya vermir.

Cənubi Koreyanın iki hökumət rəsmisi isə CNN-in məlumatını yalanlayıb. Telekanal adını çəkmədiyi ABŞ rəsmisinə istinadla Kim-in əməliyyatdan sonra ağır vəziyyətdə olduğunu xəbər verirdi. Guya Birləşmiş Ştatlar bu haqda kəşfiyyat məlumatını nəzarətdə saxlayır.

Kim-in atası Kim Jong Il 2011-ci ildə infarktdan vəfat edib.

ABŞ hökumətinin malik olduğu informasiyalar

ABŞ hökumətinin Şimali Koreya rəhbərliyi haqda son informasiyası belədir ki, Kim ortalıqda görünmür və onun yoxluğunu izah edəcək etibarlı informasiya qıtlığı var. Bunu “Reuters” mövcud kəşfiyyat məlumatları və təhlillə tanış mənbəyə istinadla yazır.

Birləşmiş Ştatlar rəsmiləri Kim-in səhhətində problemləri, artıq çəkiyə malik olduğunu etiraf edirlər. Mənbənin sözlərinə görə, bu, azından, onun hər hansı səhhət problemindən əziyyət çəkməsinin mümkünlüyünü göstərir.

ABŞ hökumət ekspertləri Kim ölərsə, onun nüfuzlu bacısı Kim Yo Jong-un vəzifəyə keçəcəyinə inanmırlar. Onlar Kim-in varisinin “aydın olmadığını” düşünürlər, mənbə belə deyir.

“Frans Pres” yazır ki, Kim-in 15 aprel tədbirlərinə qatılmaması şübhəlidir. Həmin gün onun babası, rejiminin qurucusu Kim Il Sung-un ad günü keçirilirdi və bu, ölkənin siyasi təqvimində ən əhəmiyyətli gün sayılır.

Basketbol ulduzu Dennis Rodman “onun tezliklə sağalması üçün dua etdiyini” deyib. O, Dövlət katibi Mike Pompeo və Trump-a qədər Kim ilə görüşən ən tanınmış amerikalı olub.

“Ümid edirəm, Marşal Kim Jong-Un-un xəstə olması şayiədir. Ümid edirəm, tezliklə daha çox şey öyrənəcəyəm”, – Rodman tanınmışların TMZ portalına deyib.

XS
SM
MD
LG