Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Rusiyalılar təcridə etiraz edir


Vladikafqazda etiraz
Vladikafqazda etiraz

Opera müğənnisi Vadim Cheldiyev Rusiyanın Şimali Osetiya regionunun paytaxtı Vladiqafqaz sakinlərini hakimiyyətin koronovirus pandemiyasına görə tətbiq etdiyi qadağalara etiraza səsləyib.

Müğənni aprelin 17-də yaşadığı Sankt Peterburq şəhərində həbs olunsa da, doğma şəhərində onun səsini eşidənlər aprelin 20-də şəhərin əsas meydanına çıxdılar. Təxminən 2 min nəfər həm müğənninin buraxılmasını tələb etdi, həm də özünütəcrid qaydalarının ləğvini və region qubernatorunun istefasını.

AzadAvropa/AzadlıqRadiosu-nin əməkdaşı Matthew Luxmoore yazır ki, Rusiyanın bir sıra şəhərlərində evdə qalmalı olan və digər hərəkət məhdudiyyətlərlə üzləşən sakinlər hökumətin işini, gəlir mənbələrini itirənlər üçün elə bir iş görmədiyini düşünürlər.

“Biz iş tələb edirik. Öz çörəkpulumuzu qazanarıq, sadəcə bizə iş verin”, – Vladiqafqazda etirazçılardan biri Oleg Bokoyev radionun Şimali Qafqaz xidmətinə deyib.

67 min fərdi sahibkar işi dayandırıb

Beynəlxalq Valyuta Fondu bu il Rusiyada ÜDM-nin 5 faiz azalacağını proqnozlaşdırır, digər tərəfdən neft görünməmiş həddə ucuzlaşıb. Prezident Vladimir Putin və hökumətsə işdən kənarlaşdırılanlara yardım olunacağı, kiçik və orta biznesə dəstək göstəriləcəyi haqda vədlər verir.

Amma artıq təcridin iqtisadi fəsadları özünü göstərməkdədir. Martda 67 min fərdi sahibkar şirkətini bağlayıb ki, bu da ötən ilin eyni dövründə olduğundan 77 faiz çoxdur. Məlumatı “Vedomosti” maliyyə qəzeti yayıb.

Mərkəzi Bankın bu ay sifariş etdiyi sorğuya görə, rusiyalıların 35 faizinin gəliri azalıb, 16 faiz azalmanın ciddi olduğunu deyib. Respondentlərin üçdə birinin fikrincə, gələn həftələrdə durumun daha da pisləşməsini gözləyirlər.

Vladiqafqazdakı etiraz pandemiya başlanandan Rusiyada ilk böyük siyasi yürüş idi. Martın 30-da Moskvada və digər regionlarda sərt məhdudlaşdırıcı tədbirlər görülüb.

Bir neçə saat davam edən yürüşü polis dağıdıb və 39 nəfər saxlanıb. Cheldiyev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Virtual etirazlar

“Uzun müddətdir adamlardan özünütəcrid tələb olunur, amma onlar eyni zamanda böyük zavodların işlədiyini görürlər”, – aksiyaya qatılmış Vladiqafqazdan bloqer Alik Pukhayev radioya müsahibəsində deyib.

“Onların kiçik biznesləri iflas edir. Çox adam işini itirib”, – o, sözlərinə davam edir.

Pandemiyaya bağlı ictimai qəzəb təkcə Rusiyada püskürmür. Braziliya, Birləşmiş Ştatlarda da karantin qaydalarına etirazlar müşahidə olunur.

Rusiyada icazəsiz yürüşlər qadağan olunduğundan, çoxları “virtual etirazlar” təşkil edirlər. Yandex Maps tətbiqləri, GPS xidmətləri ilə böyük şəhərlərdən hökumət binaları qarşısında “yığışır”, özlərinin təbirincə desək, məmur laqeydliyinə etiraz şərhləri yerləşdirirlər.

“Adamlara müavinət verin” İşini itirən nəylə dolansın?!” – Rostov-na-Donu şəhərindən biri yazıb. “Uşaqlarımı yedizdirin!” digər şərhdə deyilir.

Bəzi şərhlər elə yayılandan sonra yoxa çıxıb. İstifadəçilər daha öncə də Kremlin təzyiqi ilə üzləşmiş Yandex-i dövlətdən qorxduğundan şərhləri silməkdə suçlayıblar.

Moskvada yaşayan politoloq Yekaterina Schulmann deyir ki, Putin hökumətinin əsl sınağı qadağalar götürülməyə başlayınca üzə çıxacaq.

“Məncə, mayın ortasından yüngülləşdirmələr olacaq. Bax, onda əsl siyasət başlanacaq. Karantin deyil, yoxsulluq barədə”, – o deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG