Rusiyada onlarca kommunist koronavirus karantinini pozaraq bolşevik inqilabının lideri Vladimir Leninin 150 illiyini qeyd etmək məqsədilə Qırmızı meydana yürüş edib.
Rusiya Kommunist Partiyasının üzvləri aprelin 22-də Qırmızı meydandakı Lenin mavzoleyinin qarşısına güllər və əklillər qoyublar.
Tədbirə Rusiya kommunistlərinin lideri Gennady Zyuganov başçılıq edirdi.
Xəbər verilir ki, iştirakçılar fiziki məsafənin gözlənməsi məqsədilə mavzoleyin önündə kiçik qruplara bölünmüşdülər.
Rusiyada hazırda qüvvədə olan karantinə görə kütləvi aksiyalar qadağan edilib, adamlara isə yalnız ərzaq və dərman almaq üçün, habelə tibbi zərurət olduqda evdən çıxmaq icazəsi verilib.
Bundan bir gün əvvəlZyuganov Rusiya regionlarında, habelə Belarus, Ukrayna, Moldova, Mərkəzi Asiya və Cənubi Qafqazdakı keçmiş sovet respublikalarındakı kommunistləri “Leninin heykəlləri hələki qalan yerlərdə” sosialist inqilabı liderinin xatirəsinə çiçək dəstələri qoymağa çağırmışdı.
Rusiya kommunistləri Vladimir Leninin ad gününü böyük tədbirlə qeyd etmək istəyirdilər lakin bu planlara karantin qaydaları mane olub.
“Sol cəbhə” hərəkatının məlumatında deyilir ki, polis aksiya iştirakçılarının heç də hamısımı Qırmızı meydana buraxmayıb. Buna baxmayaraq kiminsə saxlandığına dair məlumat yoxdur.
Keçmiş Sovet İttifaqından fərqli olaraq müasir Rusiyada Leninin ad günləri və yubileyləri rəsmən qeyd olunmur.
Hərçənd Rusiya kommunistlərinin lideri Zyuganov yubiley yığıncağının videoforum fotmatında keçirildiyini bildirib.
AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiya prezidenti Vladimir Putinin də Leninin şəxsiyyətinə münasibəti ziddiyyətlidir.
O bir neçə dəfə bolşevikləri Rusiya dövlətçiliyini dağıtmaqda ittiham edib.
Buna baxmayaraq Putinin təşəbbüsü ilə Konstitusiyaya edilmədkdə olan əlavələrin arasında Rusiyanın SSRİ-nin varisi olduğunu təsbit edən xüsusi maddə də var.
SSRİ-nin bəzi dövlət atributları hazırda qalmaqdadır. Vladimir Putin 2000-ci ildə prezident olandan bəri SSRİ-nin himnini bərpa edib.
Rusiyada az qala hər şəhər və kənddə Leninin adını daşıyan küçələr var.
Rusiyada Leninin çoxsaylı heykəlləri də saxlanmaqda davam edir.
Lakin keçmiş sovet respublikalarında və Şərqi Avropadakı küçə adları dəyişdirilib, heykəllər isə dağıdılıb.