Keçid linkləri

Təcili xəbərlər
2023, 08 Dekabr, Cümə, Bakı vaxtı 00:59

Netflix 16 milyon abunəçi qazanır... 5G və pandemiya – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Bu ilin ilk üç ayı ərzində Netflix 16 milyonadək yeni abunəçi qazanıb və təcrid, böhran dönəmində dünyanın ən vacib xidməti kimi statusunu möhkəmləndirib. Bu haqda “The Associated Press” agentliyinin texnologiya yazarı Michael Liedtke yazır.

İlin ilk rübü ABŞ-da və dünyanın hər yerində çoxlarının koronovirus pandemiyasına görə evdə qaldığı dönəmə düşüb, milyonlar əyləncə, vaxtını xoş keçirməkdən ötrü Netflix-ə üz tutub.

Netflix yanvarda proqnozlaşdırdığı rüblük artımın ikiqatına nail olub. Bu, striminq xidmətinin 13 illik tarixində ən böyük rüblük artımdır.

Agentlik yazır ki, aprelin 21-də açıqlanan rəqəmlər ABŞ iqtisadiyyatının son dekadada ən böyük durğunluq yaşadığı dönəmdə videostriminqin ayaqda qalacağını göstərir.

“Bizim bu çətin zəmanəyə kiçik töhfəmiz evə məhkumluğu azacıq da olsa daha dözülən etməkdir”, – Netflix-in Baş icraçı direktoru Reed Hastings öz yataq otağından investorlara videozəngində deyib.

Rüblük hesabat açıqlanandan sonra Netflix-in səhmləri bahalanıb, amma tezliklə düşüş yaşayıb. Səbəb isə güclənən ABŞ dollarının şirkətin ABŞ-dan kənar gəlirlərinə təsir göstərəcəyi perspektividir, yəni şirkətin ən sürətlə artan bazarlarından gələn gəlir azala bilər.

Walt Disney Co. şirkəti də bu yaxınlarda striminq xidmətini işə salıb, indi həmişəkindən daha çox asudə vaxtı olan uşaqları özəlliklə nəzərə alıb. Disney-in by xidməti 50 milyon abunəçi toplaya bilib.

Netflix apreldən iyunadək 7,5 milyon əlavə abunəçi qazanmağı proqnozlaşdırır. Son yeddi ildə yaz mövsümündə ortalama 2,7 milyon yeni abunəçi gəlirdi. İndi xidmətin 182 milyon abunəçisi var.

5G qüllələrini niyə yandırırlar

“The Associated Press” başqa bir məqaləsində son vaxtlar Avropada 5G şəbəkəsi qüllələrinin yandırılmasından söz açır.

5G mobil şəbəkəsi və koronovirus pandemiyasını əlaqələndirən konspirologiya bu qüllələrin yandırılması ilə sonuclanır.

Simsiz kommunikasiyanın təhdid yaratmasına dair indiyədək çox iddialar səslənib. Amma koronovirusun yayılmasını bəzi ölkələrdə beşinci nəsil simsiz texnologiyanı işə salmasıyla üst-üstə düşməsi bu saxta iddiaları daha da gücləndirib.

Agentlik yazır ki, Avropa və ABŞ-da rəsmilər durumu diqqətlə izləyir və qarşısını almağa çalışırlar. Axı, bu hücumlar pandemiya ilə mübarizədə çox vacib telekommunikasiya xətlərinə ziyan vura bilər.

“Bu fövqəladə səhiyyə vəziyyətində bizə çox gərəkən infrastruktura qarşı adamların hücumları məni çox qəzəbləndirir, iyrəndirir”, – İngiltərədəki Milli Səhiyyə Xidmətinin tibbi direktoru Stephen Powis deyir.

Bu ay Britaniyada şəbəkə qüllələri və digər avadanlıq 50 dəfə yandırılıb, üç nəfər həbs olunub. Telekommunikasiya mühəndisləri iş başında 80 dəfə pis münasibətlə üzləşib.

Niderlandda 16 belə yanğın törədilib, İrlandiya, Kipr və Belçikada da oxşar hücumlar qeydə alınıb.

Agentlik telefon dirəklərinə hücumlarla hədələyən postların Facebook-da bəyənildiyini yazır. Aprelin 12-də yanmış dirəyin fotosu olan postda belə bir cümlə də yazılıb: “Heç kim xərçəng və covid19 istəmir. Bunun baş verməsini dayandırın, yoxsa hər bir dirəyin, mobil mağazasının sonu belə qurtaracaq”.

5G və koronavirus ətrafında saxta iddialar sosial mediada yüzminlərlə dəfə paylaşılıb. Koronavirusun 5G-nin quraşdırılmasını ört-basdır etmək üçün ortaya atıldığını iddia edənlər də var, yeni 5G qurğularının virusu yaratdığını deyənlər də.

“5G-nin COVID-19 epidemiyasına yol açmasından narahatlıq sadəcə yanlışdır. Bunları birləşdirməyə inandırıcı bir variant tapmıram”, – Kolorado İctimai Sağlamlıq Məktəbinin dekanı Dr. Jonathan Samet agentliyə deyib.

XS
SM
MD
LG