Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 21:55

Brent nefti 1999-cu il səviyyəsinə düşür – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Çərşənbə günü – apreli 22-də neftin qiymətləri bir daha üzüaşağı yuvarlanıb, Brent markası 1999-cu ildən bəri ən aşağı həddə düşüb.

“Reuters” xəbər verir ki, LCOc1 Brent xam neftinin barreli 15,98 dollara düşüb. Bu, 1999-cu ilin iyunundan bəri ən aşağı səviyyədir.

CLc1 Qərbi Texas nefti isə 6 faiz ucuzlaşaraq barreli 10,89 dollar olub.

Bu il neftin qiymətlərinin 80%-dək ucuzlaşmasına dünyada 180 minədək insanın canını almış koronovirus pandemiyası səbəb olub. Digər tərəfdən Rusiyayla Səudiyyə Ərəbistanı martda hasilatı azaltmaqla bağlı razılaşma əldə edə bilməyincə dünyadakı neft anbarları dolmağa başladı.

Pandemiya dünyada yanacağa tələbatı 30 faizədək azaldıb. Dünyanın ən böyük hasilatçısı olan Birləşmiş Ştatların enerji şirkətləri artıq neft üçün saxlanc axtarır.

Dünən ABŞ Senatı ölkə iqtisadiyyatına və xəstəxanalara əlavə yardım kimi 500 milyard dollar ayrılmasını təsdiqləyib. Layihə Nümayəndələr Palatasında bu həftə müzakirəyə çıxarılacaq.

Ancaq agentlik yazır ki, dünyada bir çox şirkət rəhbərləri tələbatın uzunmüddətli azalmasına hazırlaşırlar və çoxları şirkətlərinin salamat çıxmayacağından narahatdır.

Mənfi qiymət nə deməkdir?

AzadAvropa/AzadlıqRadiosu neftin qiymətinin aprelin 20-də mənfiyə düşməsindən yazır.

Tarixdə ilk dəfə olaraq ABŞ nefti 0 dollara düşdü. Birləşmiş Ştatlarda mənfi qiymət görününcə Brent nefti və Rusiya istehsalı olan Urals da kəskin ucuzlaşıb.

Artıq treyderlər may və iyun üçün fyuçers kontraktları almaq istəyən alıcı tapmaqda çətinlik çəkirlər. Aprelin 20-də bəzi treyderlər əlavə neft almaq üçün alıcılara ödəniş etməyə başlayıblar.

Neft fyuçers kontraktı gələcəkdə müəyyən tarixdə konkret qiymətə neft almaq, yaxud satmaq üçün treyderlərin əldə etdiyi hüquqi razılaşmadır.

Bu kontraktı imzalayanlar konkret tarixdə və konkret qiymətə sövdələşməni yerinə yetirməyə borcludurlar.

Yəni treyderlər gələcəkdə neftin qiymətilə bağlı mərcləşirlər. Onlar kontraktda nəzərdə tutulmuş qiymətlə neftin həmin tarixdə real qiyməti arasındakı fərqdən qazanc götürməyə ümid edirlər.

Texniki məsələ

Neftin qiymətinin mənfiyə düşməsinə gəlincə, Dallasdakı “GuideStone Capital Management” şirkətinin meneceri Tim Bray “indiyədək buna oxşar şeyin heç vaxt baş vermədiyini” deyir.

Bir sıra təhlilçilər isə mənfi neft qiymətini texniki məsələ sayır, onun fyuçers kontraktlarının yazılışı ilə bağlı olduğunu deyirlər. Onların qeyd edirlər ki, bir çox alıcılar nefti mayda deyil, iyunda çatdırmaq üçün alırlar.

“Tək-tük hallarda neft şirkətlərinin onların neftini alması üçün adamlara pul verdiyini gördük, çünki saxlanc və kəmər tutumu tükənir, amma bu heç də davamlı belə olmayacaq”, – Niderlanddakı Rabobank-ın enerji strategiki Ryan Fitzmaurice deyir.

Koronavirusun qlobal neft qiymətlərinə təsiri Rusiyanın neftdən asılı iqtisadiyyatı üçün də fəlakətli olub. Urals neftinin bareli Brent-dən bir neçə dollar azdır. Qərbi Texas və Brent markalı neftlərin ucuzlaşması Rusiya neftinin də kəskin dəyər itirməsi deməkdir.

“UBS Global Wealth Management” şirkətinin baş investisiya rəsmisi Mark Haefele “The Financial Times” qəzetinə deyib ki, neft bazarlarındakı “pozulma”lar səhm, sabit gəlir, xarici valyuta bazarlarında özünü hiss etdirəcək. “Amma bizim mövqeyimiz ondan ibarətdir ki, son dövrlər ABŞ-ın neft bazarında yaşanan aşırı nizamsızlıq ilin ikinci yarısında keçməlidir”, – o vurğulayıb.

Neftin ucuzlaşması Azərbaycanda dövlət büdcəsinə yenidən baxılmasını gündəmə gətirib. Belə ki, Azərbaycanın gəlirlərinin 72 faizi xam neft satışından formalaşır. Aprelin 20-də Azərbaycan neftinin barreli 15 dollara satılıb, halbuki, büdcədə 55 dollar proqnozlaşdırılıb. İqtisadçılar həm ucuz neftin, həm də koronavirus pandemiyasının fəsadlarını aradan qaldırmağa büdcədəki investisiya xərclərini yönəltməyi mümkün sayırlar. Büdcədə hazırda investisiya xərcləri üçün 5 milyard manatdan çox vəsait nəzərdə tutulub.

XS
SM
MD
LG