Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 19:44

Fiziki məsafə 2022-ci ilədək gərəkə bilər – Qərb mediası


Nevada ştatında evsizlərin qaldığı məkan
Nevada ştatında evsizlərin qaldığı məkan

Birləşmiş Ştatlarda koronovirus pandemiyası dövründə tətbiq olunmuş fiziki məsafə qaydası 2022-ci ilədək gərəkə bilər. Bunu Harvard İctimai Səhiyyə Məktəbinin tədqiqatçıları bildirir.

“Reuters” agentliyinin hesablamasına görə, təkcə aprelin 14-də Birləşmiş Ştatlarda epidemiyadan 2 min 200 nəfər vəfat edib. Hazırda ölkədə 28 min 300-dən çox xəstənin virusdan vəfat etdiyi bildirilir.

“Xəstəxanaların reanimasiya tutumu ciddi şəkildə artırılmasa, yaxud müalicə və ya vaksin əldə olunmasa, 2022-ci ilədək fiziki məsafə saxlamaq qaydası tələb oluna bilər”, – tədqiqatçılar “Science” dərgisindəki araşdırmada yazırlar.

Cənubi Koreya və Sinqapuru misal gətirən araşdırmaçılar qeyd edirlər ki, səmərəli şəkildə fiziki məsafə saxlamaq səhiyyə sistemlərinə təzyiqi azaldar, təmasların izlənməsinə şərait yaradar.

Araşdırmada o da etiraf edilir ki, fiziki məsafə qaydasının uzadılmasının mənfi iqtisadi, sosial və təhsil fəsadları ola bilər.

Alimlər onu da əlavə edirlər ki, qadağalar ləğv olunarsa belə, SARS-CoV-2-yə nəzarət saxlanmalıdır, çünki 2024-cü ilin sonuna yaxın yeni yoluxma dalğası baş qaldıra bilər.

Dünya Səhiyyə Təşkilatının xəbərdarlığına görə, yoluxmalar hələ pik həddə çatmayıb. Hazırda dünyada 2 milyona yaxın insan koronavirusa yoluxub, 124 mindən çox xəstə dünyasını dəyişib.

İndi də Çin Rusiyayla sərhədi bağlayır

Virus dekabrda Çində peyda olub, amma indi yoluxmaların episentri Birləşmiş Ştatlara keçib. Bu gün – aprelin 15-də Çin yeni yoluxmaların sayında azalma olduğunu elan edib. Rusiyayla həmsərhəd şimal-şərq hissədə yoluxmalarda artım isə narahatlıq yaradır.

"Reuters” yazır ki, Rusiyadan yoluxmuş çinlilər vətənə qayıdır və Çin Heylonqjianq vilayətindəki Suyfenhe şəhərində Rusiyayla sərhədi bağlayıb. Bəzi yeni yoluxmalarda simptomlar üzə çıxmayıb.

Əslində, Çin təsdiqlənmiş yoluxmalara öskürək, qızdırma kimi klinik simptomlar göstərməyən xəstələri daxil etmir. İndi doqquz regionda epidemioloji yoxlama başladılıb, asimptomatik yoluxmaların miqyasını, əhalinin immun səviyyəsini müəyyənləşdirməyə çalışırlar.

Çin hakimiyyəti aprelin əvvəlində deyirdi ki, asimptomatik halların üçdə ikisində sonradan simptomlar üzə çıxır.

Koronavirus pandemiyasının episentri sayılan mərkəzi Hubey vilayətində 31 mart-14 aprel tarixlərində cəmi iki asimptomayik xəstədə sonradan infeksiya əlamətləri yaranıb.

Cənubi Koreya isə seçki keçirir

Aprelin 15-də Cənubi Koreya maskalı işçilərin nəzarəti altında parlament seçkisi keçirir. “The Associated Press” səsvermə məntəqələrində işçilərin termometrlər və dezinfeksiya məhsulları ilə “silahlandığını” yazır.

Ölkə rəsmiləri seçkini təxirə salmaq çağırışlarına qulaq asmadı, əvəzində virusun yayılmasını önləmək üçün əlavə qabaqlayıcı tədbirlər gördü.

Cənubi Koreya Çindən sonra virusun baş qaldırdığı ikinci ölkəydi. Məktəblər bağlansa da, karantin elan olunmadı. Ölkədə güclü test-karantin proqramı gerçəkləşdi və Avropa və ABŞ-dakına nisbətən daha az ölüm halının qeydə alınması da əsasən bununla izah olunur.

XS
SM
MD
LG