Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Covid-19 diktatorlara ‘hədiyyədir’ – Qərb mediası


Moldova, arxiv fotosu
Moldova, arxiv fotosu

Covid-19 epidemiyasının bizə yaşatdığı dramatik böhran siyasi, iqtisadi və sosial səviyyədə saysız dəyişikliklərə səbəb olacaq. Bir şeyi əminliklə demək olar ki, özəlliklə bizim cəmiyyət, tanıdığımız “Qərb” həyat tərzi əvvəlki kimi olmayacaq. “EU Observer” portalında Maria Arena və Pier Antonio Panzeri yazırlar ki, 2-ci Dünya müharibəsindən sonrakı nəslin qurduğu “daha yaxşı dünya”, hətta bütün məhdudiyyətləri ilə belə, dağılmaq və məhv olmaq təhlükəsiylə üzləşib.

Müəlliflər dünya liderlərinin bu savaşa qoşulduğunu, bu hədəfə maksimum resursları səfərbər etdiyini yazırlar. Bu arada ictimaiyyətin və kütləvi informasiya vasitələrinin diqqəti bəşəriyyət üçün sağlamlıq risklərinə, zəifləyən və yoxsullaşan əhaliyə, dünya iqtisadiyyatına yaranan təhlükələrə fokuslanıb.

“Amma hətta belə bir fövqəladə vəziyyətdə, belə tarixi bir dönəmdə demokratiyanın başına nə gətirildiyinə diqqət ayırmaq lazımdır. Pandemiyaya qarşı mübarizədən insan haqları və demokratiyaya qlobal hücumda bəhanə kimi istifadə etmək olmaz, təəssüf ki, dünyanın bir sıra yerlərində məhz bu baş verir”, – məqalədə deyilir.

Müəlliflər demokratik təminatların “təxirə salınması”nın şahidi olduqlarını yazırlar. Bir çox ölkələrdə Covid-19 bəhanəsi altında, ictimai reaksiyanın olmaması fürsət bilinərək demokratiyanın məkanı və keyfiyyəti məhdudlaşdırılır, opponentlər, insan haqları müdafiəçiləri aradan götürülür.

Məsələn, İranda hökumətə qarşı etirazlar qəddarlıqla yatırdılır. Misirdə insan haqları müdafiəçisi Ibrahim Ezz El-Din və tələbə Patrick Zaky-nin həbs müddəti uzadılır. Türkiyədə Osman Kavala daxil olmaqla Gezi parkı nümayişçiləri barəsində məhkəmə qərarları təsdiqlənir. Müəlliflər belə bir fövqəladə durumda düşərgələrdəki qaçqınları, hər bir ölkədəki məhbusları, evsizləri də unutmamağa çağırır.

Bu kontekstdə, Avropa insan haqlarının qorunmasında aparıcı rolundan imtina edə bilməz, məqalədə vurğulanır.

“Bu gün biz müharibə şəraitindəyik: keçmişimizi unutmadan, dəyərlərimizdən imtina etmədən savaşmalıyıq. Bu, bizim nəslin vəzifəsidir: Avropanın tarixi öhdəliyini yerinə yetirməsini təmin etməliyik”, – müəlliflər yazır.

Birləşmiş Ştatlar dilemma qarşısında

“The Associated Press” agentliyi isə Birləşmiş Ştatlar boyunca qubernatorların iqtisadiyyatlarını tədricən yenidən açmaq planları hazırladıqlarını yazır.

Avropanın bir sıra ölkələrində yoluxma və ölüm halları sabitləşdiyindən belə bir proses başlayıb.

ABŞ-da böhranın bitməsindən danışmağa hələ tezdir, 25 mindən çox virus qurbanı, 600 min təsdiqlənmiş yoluxma var.

Amerikanın ən çox məskunlaşmış ştatı olan Kaliforniyanın qubernatoru Gavin Newsom qadağaları qaldırmaq üçün bir sıra şərtləri açıqlayıb. O, xəstələrin sayının azalmasını, daha çox test aparılmasını şərt kimi qoyub. Qubernator xəbərdarlıq edib ki, hətta ştatda iqtisadiyyat təkrar açılandan sonra belə hər şey əvvəlki kimi olmayacaq. Ofisiantlar maska və əlcək geyinəcək, məktəblər şagirdlərin qrafikini dəyişməli olacaq ki, qələbəlik azalsın, idman tədbirləri, konsertlər kimi kütləvi tədbirlərindən isə “heç söhbət getmir”.

Bəzi digər qubernatorlar da eyni fikirdədir.

“Evdə yanğın davam edir. Hələ yanğını söndürməli, həm də onun təzədən alovlanmayacağından əmin olmalıyıq”, – Nyu Cersinin qubernatoru Phil Murphy söyləyib.

Siyasətçilər və səhiyyə rəsmiləri də xəbərdarlıq edirlər ki, Birləşmiş Ştatlarda və Avropada qadağaların yumşaldılması ilə yanaşı insanların immun sistemini yoxlamaq üçün genişmiqyaslı testlər aparılmalı, həm də yoluxmuş şəxslərin digərləri ilə kontaktları izlənməlidir. Bundan ötrü smartfon texnologiyasından istifadə oluna bilər.

XS
SM
MD
LG