Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:02

AXCP: ‘Nicat Abdullayevə 30 sutka verildi’


N.Abdullayev. Foto arxiv

Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü Nicat Abdullayevin bu gün, aprelin 10-da Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunduğu bildirilir.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, Nicat Abdullayevi saat 14 radələrində yaşadığı evdən çıxaraq yaxınlıqda yerləşən mağazaya gedərkən mülki geyimli şəxslər saxlayıb:

"Nicat Abdullayevi Binəqədi Rayon 43-cü Polis Bölməsinə gətiriblər. Orada isə İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə ( Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) haqqında protokol tərtib edərək məhkəməyə aparıblar. Lakin hakim Vüsal Tağıyev onun barəsində tərtib olunmuş İXM-in 211-ci maddəsinə xitam verib. Nicat Abdullaev İXM-nin 535-ci maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) cəzalandı.Yəni, Nicat Abdullayevə 30 sutka verildi ".

Bu məlumata, hələlik, Binəqədi Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

***

Bugün, aprelin 10-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisin üzvü Nicat Abdullayevi yaşadığı evindən çıxarkən polisin saxladığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib: "Çox güman ki, Nicat Abdullayevi, dünən, aprelin 9-da həbs edilmiş AXCP fəalları Faiq Əmirov və Ruslan Əmirov kimi, karantin rejimini pozmaqda ittiham edəcəklər. Amma əsl səbəb Nicat Abdullayevin siyasi fəaliyyətidir".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə insanların dinc siyasi fəaliyyətlərinə görə həbs olunması ilə bağlı deyilənləri qəbul etmirlər.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 90 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda da 926 nəfərin koronavirus infeksiyasına yoluxduğu və 9 nəfərin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. 10 gün sonra, martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

XS
SM
MD
LG