Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Rusiyalılar 1990-cı illəri belə xatırlayır


Kiyevdə Kommunist Partiyasının qərargahı qarşısında etiraz, 25 avqust, 1991-ci il
Kiyevdə Kommunist Partiyasının qərargahı qarşısında etiraz, 25 avqust, 1991-ci il

“Levada” sorğu mərkəzinin rəyini soruşduğu rusiyalıların 62 faizi 1990-cı illəri mənfi xatırlayır. Həm də daha yaşlı respondentlərin mənfi xatirəsi daha çoxdur.

1990-cı illər yaşı 60-dan yuxarı sorğu iştirakçılarının 70 faizinin yaddaşında pis qalıb, gənclərin isə 53 faizi belə düşünür. Sorğu “90-lar yaddaşlarda” adlanır.

Respondentlərin 19 faizi 1990-cı illəri müsbət yada salır. Həmin dövrü görməyənlər, o vaxt uşaq olub baş verənlər haqda yaxınlarından, tarix dərslərindən, kitablardan, kinolardan öyrənənlər arasında müsbət rəy daha yüksəkdir.

Yaxşı və pis xatirələr

Sosioloqlar qeyd edirlər ki, “sözügedən müddəti yaxşı, yaxud pis edən nədir” sualına respondentlərin 25 faizi cavab verməkdə çətinlik çəkib. 1990-cı illəri müsbət xatırlayanlar yenidənqurmadan sonra peyda olan azadlıqdan, sovet dövrünün imtiyazlarının qalmasından danışıblar – pulsuz təhsil, istirahət göndərişləri, ev almaq hüququ və sairədən.

Pis xatirələrə gəlincə, gənclik cinayətkarlıq və banditizmin artmasını misal çəkir. Yaşlı respondentlər yoxsulluq, əməkhaqqının, pensiyanın verilməməsi, aclıqdan danışır. Hətta həmin illərdə “ölkənin dağıldığını”, “viranə qaldığını” deyənlər də olub.

Qadınlarsa ən çox defisiti, mağazalarda boş rəfləri, məhsul talonları və növbələri yada salıb.

Respondentlərin cəmi 6 faizi deyib ki, 1990-cı illər haqda pis nəsə xatırlamırlar.

1985-ci ildə Mixail Qorbaçov Sov.İKP MK-nın birinci katibi seçiləndən sonra ölkənin sosial-iqtisadi inkişafını artırmaq üçün sürətləndirmə xətti irəli sürüldü. 1987-ci ildə ictimai quruluşu – sosializmi yenidən qurmaq vəzifəsi qoyuldu, əsasən 2 məqsəd müəyyən olundu: demokratik sosializm qurmaq və "Lenin normalarına" qayıtmaq.

1991-ci ilin dekabrında SSRİ-ni təşkil etmiş – Rusiya SFSR, Ukrayna SSR və Belorusiya SSR SSRİ-nin parçalanması haqqında istəklərini bildirdilər. Ona qədər artıq Azərbaycan daxil olmaqla bir sıra respublikalar müstəqilliklərini elan etmişdilər.

Həmin il dekabrın 25-də Qorbaçov istefa verdi, Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə 1922-ci il dekabrın 30-da yaranmış və 69 il mövcud olmuş SSRİ dağıldı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG