Səudiyyə Ərəbistanının aparıcı rəsmisi bu il həcc ziyarətinə getmək istəyən 1 milyondan çox müsəlmana planlarını yubatmaq çağırışı edib. “The Associated Press” agentliyi koronovirus pandemiyasına görə bu il həcc ziyarətinin olmayacağı ehtimalından yazır.
Fevralda krallıq görünməmiş addım ataraq əcnəbilərin müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərlərini dayandırıb. Hətta dünyada onmilyonlarla insanın həyatına son qoymuş 1918-ci il qrip epidemiyası zamanı da belə bir addım atılmamışdı.
“Səbrli olun” çağırışı
Səudiyyədə koronavirusa 1500 nəfər yoluxub, 10 nəfərin vəfat etdiyi açıqlanıb. Ümumilikdə Yaxın Şərqdə yoluxanların sayı 71 mini keçir, çoxu da İranın payına düşür. 3 min 300 nəfər dünyasını dəyişib.
“Səudiyyə Ərəbistanı krallığı bütün müsəlmanların və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə hazırdır. Ona görə də dünyadakı müsəlmanlardan xahiş edirik ki, tur operatorları ilə müqavilələri bizim planımız aydınlaşanədək yubatsınlar”, – Səudiyyənin Həcc və Ümrə naziri Muhammad Saleh bin Taher Banten dövlət televiziyasına deyib.
Səudiyyə Məkkə və Mədinə daxil olmaqla üç böyük şəhərə giriş-çıxışı yasaqlayıb və ölkə boyunca gecə komendant saatı tətbiq edib. Eləcə də kommersiya reysləri təxirə salınıb.
Hər il 2 milyonadək müsəlman həcc ziyarətinə gedir. Bu, fiziki baxımdan çətin, eyni amanda bahalı ziyarətə bütün dünyadan dindarlar qoşulur. Həcc hər bir sağlam müsəlman üçün vacib sayılan əməldir.
“Saudi Press” Agentliyi çərşənbə günü Bantenin dediklərini yayaraq əlavə edib ki, müsəlmanlar həcc planları qurmaqda “səbrli” olmalıdırlar. Ziyarətin bu il iyulun sonunda başlanması gözlənir.
Krallığın Al Saud hakim ailəsi neftlə zəngin ölkədə həcc yerlərinə nəzarət və mühafizə etməklə legitimliyini gücləndirir. Kral Salman ölkədəki koronovirus xəstələrinin müalicə xərclərini hökumətin qarşılayacağını bildirib. Bu xəstələrə ziyarətçilər, əcnəbi rezidentlər, ölkədə qanunsuz yaşayanlar da daxildir.
İran sanksiyaların ləğvinə çağırır
Bu arada İran Prezidenti Hassan Rouhani Birləşmiş Ştatların ölkəsinə sanksiyalarını bir daha sərt tənqid edib. O deyib ki, Trump administrasiyasının sanksiyaları yüngülləşdirməsi üçün “ən yaxşı vaxtdır”.
“Bu, Amerikadan ötrü ən yaxşı tarixi fürsətdir. Onlar üzr istəyə bilərdilər. Bu, insani məsələdir və heç kəs onları geri çəkildiyinə görə tənqid etməzdi”, – Rouhani vurğulayıb.
Prezident Donald Trump 2018-ci ildə İranla 2015-ci il nüvə sazişindən çıxaraq sanksiyaları bərpa edib. ABŞ İrana humanitar yardım təklif eləsə də Tehran bundan imtina edib.
İran beynəlxalq ictimaiyyəti sanksiyaları qaldırmağa çağırır və son on illərdə ilk dəfə olaraq Beynəlxalq Valyuta Fondundan 5 milyard dollarlıq kredit istəyir.