Keçid linkləri

Təcili xəbərlər
2020, 02 İyul, Cümə axşamı, Bakı vaxtı 23:38

Əsgərlər bu tarixdə tərxis olunacaq


Azərbaycan Müdafiə Nazirliyi

«Xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır».

Bu barədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması məsələsi ilə bağlı Müdafiə Nazirliyindən bildiriblər.

Söhbət Müdafiə Nazirliyinə tabe olan heyətdən gedir.

Qurumdan deyilib ki, bu müddət ərzində ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq.

Müdafiə Nazirliyindən vurğulanıb ki, hazırda ordunun şəxsi heyətinin çox az faizini müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təşkil edir.

Nazirlikdən deyilənə görə, bütün döyüş təminatını müəyyən edən vəzifələrdə zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları xidmət keçir. «Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ordunun döyüş qabiliyyətinə heç bir təsir göstərməyəcək»,- nazirlikdən bildiriblər.

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılıb.

«Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında» Qanun layihəsi Milli Məclisin dünən, martın 30-da keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənəddə hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 35 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Rəsmi açıqlamaya görə, ümumilikdə, indiyə kimi Azərbaycanda 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən də Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 29-dan xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərməyə başlayıb. Bu gün, martın 31-dən isə qaydaların daha da sərtləşdirildiyi açıqlanıb. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.

XS
SM
MD
LG