Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 15:21

Sosial media yaşlıların həyatına necə təsir edir


Foto illüstrasiya
Foto illüstrasiya

Sosial media çoxumuzun vaxtını alır. Ancaq "Thrive Global" saytı yazır ki, sosial media yaşlıların həyatını xilas edə bilər.

Yaşlı insanlar dünya ilə daha çox bağlanmaq üçün get-gedə sosial mediadan daha sıx istifadə edirlər. Bu xüsusilə də tənha yaşayanlara aiddir.

Sayt yazır ki, Avstraliyada yaşı 75-dən yuxarı olanların 75%-ə qədəri, demək olar, hər gün texnologiyadan istifadə edir. Bundan başqa, sosial mediadan yararlanan yaşlılar bu platformalarda orta hesabla həftədə 12 saat vaxt keçirirlər. Üstəlik, yaşlı insanların 71%-i texnologiyanın onların daha müstəqil yaşamasına kömək etdiyini düşünür.

Ancaq bütün bunlara baxmayaraq, onların bəziləri hələ də sosial media dünyasını öyrənməkdə çətinlik çəkir. Düzünə qalsa, texnologiya o qədər sürətlə dəyişir ki, gənc nəslin də arasında onunla ayaqlaşmağa imkan tapmayanlar az deyil.

Yaxınlarla ünsiyyət

Bildiyimiz kimi, texnologiya sürətli düşünən, görmə, eşitmə və oxuma qabiliyyəti yaxşı olan insanlar üçün dizayn olunub. Bu o deməkdir ki, çox sayda insan sağlamlığına görə sosial media məkanında ola bilmir.

Bundan başqa, bəzi yaşlı insanlar texnologiya və sosial mediadan çəkinirlər. Xüsusən də kimlərinsə onları izləməsi və dinləməsi ilə bağlı düşüncələrdən narahat olurlar.

Ancaq sosial media dünyası kimlərisə qorxutsa belə ondan istifadənin fiziki və mental üstünlükləri daha çoxdur.

Müasir dünyada ailələr dünyanın müxtəlif yerlərinə səpələnib. Ailə üzvlərimiz və dostlarımız başqa şəhərlərdə və ölkələrdə yaşayırlar. Əvvəllər astronomik danışıq xərcləri istədiyimiz vaxt telefonu götürüb yaxınlarımıza zəng vurmağa imkan vermirdi. Bugünsə biz istədiyimiz an onlarla nəinki səsli, hətta görüntülü danışa bilirik. Özü də, demək olar ki, pulsuz. Sayt yazır ki, yaşlı insanların 87%-i sosial medianın onlara yaxınları və dostları ilə əlaqədə qalmağa imkan verdiyini deyir.

Sosial media yaşlılara köhnə dostları ilə əlaqə saxlamağa, oxşar düşüncəli insanların Facebook qruplarına qoşulmağa, hobbilərinə olan marağı paylaşmağa imkan verir. Burada onlar həm də yeni insanlarla tanış ola, söhbətləşə bilirlər.

Sosial media yaxınlıqda ailəsi və dostları olmayan, evdən çıxmağa sağlamlığı imkan verməyən yaşlıların ətrafdakı insanlarla əlaqədə olması üçün gözəl imkandır. Sayt yazır ki, Avstraliyada yaşlı insanların 62%-i sosial medianın təcridolunma hissini azaltdığını düşünür.

Yeni bacarıqlara yiyələnmək

Həyatda ən gözəl şeylərdən biri yeni bir bilik, yaxud bacarıq öyrənməkdir. Sosial media bu baxımdan bizə çox kömək edir. İstənilən bir bacarığı əldə etmək istəyirsinizsə, şübhəsiz ki, onunla bağlı Facebook qrupları mövcuddur. Sadəcə, həmin qrupdakı postların lentini aşağı endirməklə paylaşımlardan çoxlu yeni şey öyrənə bilərsiniz.

Bundan başqa, internet və sosial media yaşlı adamların məlumatlanmasına çox kömək edir. Burada onlar bir şeyi satın almazdan əvvəl onu yaxşıca araşdıra bilirlər. Yazıda qeyd edilir ki, yaşlı insanların 60%-i internetdə öz sağlamlıq və rifahları haqda məlumat axtardığını deyib.

Sosial media və texnologiya həm də çox böyük əyləncə mənbəyidir. Burada istədiyiniz qədər gülməli pişik videoları və memlər görə, gündəlik xəbərləri oxuya bilərsiniz.

Yaşlı insanlar üçün nostalgiya hissi də vacibdir. Onlar sosial media platformalarında tez-tez paylaşılan köhnə musiqi və videoları görürlər.

"Yaş, sosial mediadan istifadə də daxil olmaqla, həyatda heç nəyə sədd qoymamalıdır. Sosial mediaya gələn yaşlı insanların çoxu ondan istifadəni dayandırmır", – sayt yazır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG