Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:44

HRW: Tofiq Yaqublunu azad edin


Tofiq Yaqublu
Tofiq Yaqublu

“Human Rights Watch” insan haqları təşkilatı Müsavat partiyasının üzvü Tofiq Yaqublunu azad etməyə çağırır. Qurum martın 25-də bu haqda bəyanat yayıb.

“Azərbaycan hakimiyyəti tanınmış müxalifət lideri və hökumətin tənqidçisi Tofiq Yaqublunu saxta xuliqanlıq ittihamları ilə həbs edib. Bu həbs Prezident İlham Əliyevin çıxışından bir neçə gün sonraya təsadüf edir. Əliyevin çıxışından belə görünürdü ki, koronovirus pandemiyası ilə mübarizə üçün nəzərdə tutulmuş metodlardan müxalifətə divan tutulmasında istifadə olunacaq. Bu, hökumətin söz azadlığına, siyasi tənqidçilərinə nifrətinin daha bir narahatedici göstəricisidir”, – bəyanatda vurğulanır.

Çoxdankı davranış...

“Azərbaycan hökumətinin tənqidçilərinin susdurmaqdan ötrü saxta ittihamlara əl atması kimi çoxdankı bir davranış nümunəsi mövcuddur. Yaqubluya qarşı işi tamamilə bu davranışa uyğundur”, – qurumun Avropa və Orta Asiya üzrə direktoru Giorgi Gogia deyib.

Keçmiş siyasi məhbus olan Yaqublu Müsavat partiyasının üzvü, Demokratik Qüvvələrin Milli Şurasının koordinasiya mərkəzinin üzvüdür. O, Azərbaycanda insan haqları ilə bağlı narahatlığını tez-tez dilə gətirir.

Onun həbsindən bir neçə gün öncə Prezident Əliyev xalqa müraciətində koronovirus pandemiyasının yaratdığı çətinliklərdən söz açıb. O, müxalifəti xain, düşmən, ölkədə sabitsizlik yaratmağa çalışan “beşinci kolon” adlandırıb. Prezidentin sözlərindən aşkar görünürdü ki, virusa qarşı mübarizədən yararlanaraq siyasi müxalifətə divan tutacaq, qurum bildirir.

Tofiq Yaqublu barədə üç aylıq həbs qətiimkan tədbiri seçildi
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Martın 23-də Nizami Rayon Məhkəməsi Yaqublu barədə 3 aylıq həbs qətimkan tədbiri seçib. O, “silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə”də suçlanır.

Təqsirli bilinərsə, Yaqublu 7 ilədək həbsə məhkum edilə bilər. Özü isə ittihamları qətiyyətlə rədd edir, təxribata məruz qaldığını deyir.

Tofiq Yaqublu saxlanmazdan öncə - martın 22-də saat 16 radələrində Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı. «Dostlar, ciddi təxribatla üzləşmişəm. «8-ci kilometr bazarı»nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır», - deyə o yazmışdı.

Həbs qətimkan tədbiri və 3 saylı təcridxana

“Human Rights Watch” bildirir ki, məhkəmənin belə abstrakt və əsassız ittihamlarla Yaqublu barədə həbs qətimkan tədbiri seçməsi Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş qanunsuz həbsə qarşı təminatı pozur. Məhkəmələrdən tələb olunur ki, həbs qətimkan tədbirinə ən son vasitə kim əl atsınlar, bu, spesifik faktlarla əsaslandırılsın.

Üstəlik, Yaqublunun Şüvəlandakı 3 saylı təcridxanaya yerləşdirilməsi də, qurumun fikrincə, narahatlıq yaradır. Bu təcridxana həddən artıq dolu olması, natəmizliyi, zəif işıqlandırılması və zəif havalandırma sistemiylə ad çıxarıb. 2017-ci ildə ölkəyə səfərdən sonra Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi bu təcridxananın “mümkün qədər tez” bağlanmasını tövsiyə edirdi.

“Human Rights Watch” Yaqublunun ilk dəfə həbs olunmadığını, onun mütəmadi saxlandığını, pis rəftara məruz qaldığını, siyasi fəaliyyətini dayandırmaq üçün xəbərdarlıq aldığını qeyd edir.

“COVID-19 haqda vacib informasiyaları açıqlamaq, ictimaiyyətin əndişəsini sakitləşdirmək əvəzinə hökumət bu pandemiyadan tənqidçilərinə divan tutmaq üçün istifadə edir. Hakimiyyət Yaqublunu dərhal azad etməli, siyasi müxalifətə təzyiqləri dayandırmalı, Azərbaycanda yaşayanların səhhəti ilə məşğul olmalı, medianın öz işini azad və təhlükəsiz görməsinə imkan verməlidir”, – Gogia vurğulayıb.

Xatırlatma

Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlardan sonra həbs olunub.

O, həmin vaxt kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunub.

2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Yaqublu 5 il müddətinə həbs edilib. O, 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa çıxıb. Amma sonradan da inzibati qaydada həbs həyatı yaşayıb. Həbsdə işgəncələrə məruz qaldığını açıqlayıb. Hərçənd, DİN işgəncə şikayətini əsassız sayıb.

Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmasını rədd edir, fərdlərin yalnız konkret cinayətlərə görə saxlandığını deyirlər. Hökumətə ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG