Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 16:58

AXCP fəalı ona cinayət işi açıldığını bildirir


Z.Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin (Əlizamin) Salayevin barəsində cinayət işi qaldırıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Z.Salayevin sözlərinə görə, cinayət işini Salyan rayon Polis Şöbəsi Cinayət Məcəlləsinin (CM) 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə açıb.

Z.Salayev bildirib ki, bir keçmiş qonşusunun şikayəti əsasında açılmış bu cinayət işi qondarmadır: «Mən fevralın 24-də əməliyyat olunub martın 1-də evə ambulator müalicəyə buraxılmışam. Martın 2-də həmin qonşum evimə çağırılmamış formada gəldi və məni söymək istədi. Sonra isə özünə xəsarət yetirib. Həmin gün o, polisə və prokurorluğa məndən şikayət edib. Bir neçə gün əvvəl əməliyyat olunmuş adam başqasına necə xəsarət yetirə bilər? Mən yerimdən dura bilmirdim. Amma buna baxmayaraq, mənə cinayət işi açdılar».

Amma bu məlumata Salyan rayon Polis Şöbəsi və şikayətçi tərəfdən münasibət almaq mümkün olmayıb.

AXCP fəalı Z.Salayev 2019-2020-ci illərdə eyni ittihamla, İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə bir neçə dəfə 15 sutkadan 30 sutkayadək inzibati həbsə məruz qalıb. O, həmin vaxtlar siyasi fəaliyyətinə görə şərləndiyini bildirib. Amma Azərbaycanın hüquq-mühafizə orqanları, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə heç kim siyasi fəaliyyətinə görə təqib və təzyiqlərə məruz qalmır.

Bu il fevralın 28-də isə Z.Salayevə qarşı CM-nin 147.2-ci (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə başqa bir cinayət işi açıldığı bildirilib.

Cinayət işinin Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında açıldığı qeyd edilib. Z.Salayev həmin polisin 21-yaşlı gənc qıza təcavüz etdiyini iddia edib və onunla bu iddiası ilə bağlı mübahisə etməsinin videosunu yayıb. «Martın 29-da məhkəmənin hazırlıq iclası olacaq», - AXCP fəalı qeyd edib.

Daxili İşlər Nazirliyi (DİN) isə açıqlama yayaraq Z.Salayevin o iddiasının həqiqət olmadığını vurğulamışdı. Məsələyə H.Əzizovun özündən ayrıca münasibət almaq mümkün olmayıb.

Yanvarın 13-də isə Z.Salayev (H.Əzizovla mübahisəsindən sonra-red.) Bakıda saxlanaraq Səbail rayon Məhkəməsinin qərarı ilə İXM-nin 535-ci maddəsinə əsasən 30 sutka inzibati qaydada həbs olunub.

Məhkəmədə Z.Salayev bildirib ki, həbsi zamanı polis bölməsində ağır işgəncələrə məruz qalıb, elektrik cərəyanına verilib, işgəncə zamanı çoxsaylı xəsarətlər alıb.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidməti Z.Salayevin işgəncələrlə bağlı dediklərini təkzib edib.

Z Salayev 30 sutkalıq inzibati həbs müddəti başa çatandan sonra fevralın 24-də cərrahiyyə əməliyyatı olunub.

Multimedia

XS
SM
MD
LG