Keçid linkləri

Təcili xəbərlər
2020, 10 İyul, Cümə, Bakı vaxtı 07:59

Azərbaycanda yeni neft yatağının kəşfi təsdiqləndi


Xəzərdə neft platforması

Dünya bazarında neftin kəskin ucuzlaşdığı bir zamanda Azərbaycanda yeni neft yatağının kəşfi təsdiqlənib.

Bu barədə bu gün, martın 19-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb. Məlumatda bildirilib ki, SOCAR və Norveçin «Equinor» şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən «Qarabağ» yatağının kəşf olunduğunu təsdiq edib.

«Qarabağ» yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb.

SOCAR-ın CDC qazma şirkəti bu quyunu suyun 180 metr dərinliyində «Dədə Qorqud» üzən qazma qurğusu ilə qazıb.

«Yatağın məhsuldar layları 3.4 kilometr dərinlikdə yerləşir. İlkin qənaətə görə, yataqda kəşf edilmiş neft və qaz həcmləri onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir», - məlumatda qeyd edilir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, «Qarabağ» yatağının ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.

«Qarabağ» yatağının işlənməsi Azərbaycanın neft gəlirlərinə əhəmiyyətli bir töhfə olacaq», - o əlavə edib.

Bakı sakinləri neft pulları haqda danışır
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Xatırlatma

«Qarabağ» perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib. 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.

«Caspian International Petroleum Company» (CIPCO) tərəfindən idarə edilən konsorsium 1995-ci ildə imzalanan «Qarabağ» hasilatın pay bölgüsü sazişinə əsasən, 3 kəşfiyyat quyusu qazıb. Saziş 1999-cu ildə iqtisadi baxımdan səmərəli olmayan layihə kimi ləğv edilib.

2018-ci ilin may ayında «SOCAR Karabakh» və «Equinor» şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda «Qarabağ» neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalayıb. Sazişə əsasən, şirkətlər bərabər paya malikdir.

SOCAR və «Statoil» (Equinor) 1994-cü ildən bir sıra mühüm layihələrdə əməkdaşlıq edir.

Hazırda neftin bir bareli 27 dollar civarında dəyişir. Bu ilin əvvəlində bu qiymət 60 dollar civarındaydı. Son 20 ildə Azərbaycanın beynəlxalq neft müqavilələrinin işlənməsindən təqribən 150 milyard dollar vəsait əldə etdiyi bildirilir.

XS
SM
MD
LG