Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:53

'Müsəlman Birliyi'nin üzvü həbs edilib


E.Mürvətoğlu

Martın 14-də «Müsəlman Birliyi» Hərəkatının üzvü, şair Elvin Mürvətoğlu barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Bu barədə məlumat verən vəkil Nazim Musayevin sözlərinə görə, E.Mürvətoğlunu Cinayət Məcəlləsinin (CM) 228.1-ci (Qanunsuz silah saxlama) maddəsi ilə ittiham edirlər.

Mürvətoğlunun yaxınları isə bildirib ki, o, martın 13-də məscidə cümə namazını qılmaq üçün gedəndən sonra yoxa çıxıb: «Elvinlə əlaqə saxlaya bilmirdik. Ona görə Daxili İşlər Nazirliyinin «102» xidmətinə məlumat verdik və Yasamal rayon 29-cu Polis Bölməsinə getdik. Oradan bizə bildiriblər ki, belə bir adam orada yoxdur. Martın 14-də səhər saat 10-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) getdik. Orada növbətçi bildirdi ki, Elvin oradadır. Biz müstəntiqlə görüşmək üçün iki saat gözləsək də, o, telefonla bildirdi ki, yanında adam çoxdur və bizi qəbul edə bilməyəcək. Dedi ki, axşam saat 6-da gələk. Üstəlik də, əlavə etdi ki, narahat olmayaq, məsələ həllini tapacaq. Axşam saat 6-da getsək də, növbətçi dedi ki, idarə dərmanlanıb və orada heç kəs yoxdur. Bazar günü, martın 15-də həmin idarəyə Elvinə dərmanı aparmaq üçün gedəndə də eyni cavabı aldıq. Birinci gün, martin 16-da səhər müstəntiq bizə bildirdi ki, altıncı gün (martin 14-də) Elvinin məhkəməsi olub, ona qanunsuz silah saxlamaq maddəsi ilə ittiham irəli sürülüb və o, artıq 1 saylı Bakı İstintaq Təcridxanasındadır».

«Hacı Taleh barədə oxuduğu mahnıya görə…»

E.Mürvətoğlunun yaxınları ittihamı qəbul etmirlər və bunun uydurma olduğunu bildirirlər: «Bizə bildirilib ki, silah Elvinin üstündən BMCMİ-də baxış zamanı çıxıb. Bəs onda hansı səbəbə görə onu küçədən aparıblar, niyə küçədə axtarmadılar? Niyə bizə demişdilər ki, hər şey normal olacaq? Bizə Elvinin həbsi ilə bağlı hətta məhkəmədən sonra heç bir məlumat vermədilər. Elvin nəinki silah üstündə gəzdirmir, o, bıçaqla bir iş görəndə ehtiyatla görür. İttiham, sadəcə, uydurmadır».

E.Mürvətoğlunun yaxınları əlavə ediblər ki, onun həbsinin səbəbi dini baxışlarıdır: «Elvin fevralın 5-də Moskvadan qayıtdıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Orada ona Hacı Taleh barədə oxuduğu mahnıya görə irad bildiriblər, fiziki təzyiq göstəriblər. Görünür ki, o vaxt məsələ tez ictimailəşdi deyə, çox saxlaya bilmədilər və tez buraxıblar. Bu dəfə isə biz gec xəbər tutduq və onu həbs edə biliblər».

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb. Amma DİN-dən saxlanan şəxslərə fiziki təzyiqlər edilməsi ilə bağlı şikayətləri, bir qayda olaraq, təkzib edirlər.

Nazirlik sözçülərinin açıqlamasına görə, polis saxlanan şəxslərlə yalnız qanun çərçivəsində davranır.

Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə şəxsə 3 ilədək həbs cəzası verilə bilər.

Xatırlatma

Taleh Bağırzadə «Müsəlman Birliyi» Hərəkatının sədridir. O, bir sıra ağır cinayətlərdə ittiham edilərək 20 il həbs cəzası alıb. Birliyin başqa həbsdə olan üzvləri də var. Onlar ittihamları qəbul etmir, siyasi sifarişlə həbs edildiklərini deyirlər. Hərçənd, rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

XS
SM
MD
LG