İsrailin Baş naziri Benjamin Netanyahu parlament seçkisində önə çıxsa da, yenə də hakim çoxluğa nail ola bilməyib. Son 12 ayda İsraildə artıq üçüncü parlament seçkisi keçirilir.
İsrailin üç əsas telekanalının ilkin hesablamalarına görə, sağ qanad Likud partiyasının lideri olan Netanyahu bazar ertəsi keçirilən seçkidə əsas rəqibi Benny Gantz-ın mərkəzçi Mavi və Ağ partiyasını geridə qoyub.
Ekzit-polların nəticələrinə görə, Netanyahu-nin parlamentdə çoxluğu əldə etməyə iki yeri çatmır. Bu isə yeni bir siyası çıxılmaz vəziyyətin mümkünlüyünü göstərir.
“Görünməmiş” hüquqi qeyri-müəyyənlik
Ötən ilin aprel və sentyabr seçkilərindən sonra da oxşar vəziyyət yaranmışdı. 70 yaşlı Netanyahu-nun qələbəsi onun siyasi taleyinin davamlılığını təsdiqləmiş olardı. Netanyahu bir neçə gündən sonra korrupsiya ittihamları ilə məhkəmə qarşısına çıxarılmalıdır.
İsrail Demokratiya İnstitutu adlı beyin mərkəzinin prezidenti Yohanan Plesner “Frans Pres” agentliyinə deyib ki, ilkin hesabamalar Netanyahunun “İsrail xalqından əhəmiyyətli siyasi mandat aldığını” göstərir.
Ancaq onu da əlavə edib ki, ölkə “görünməmiş” hüquqi qeyri-müəyyənliyə doğru gedir, çünki hökumətin mümkün başçısı “məhkəmədə adını təmizə çıxarmaq üçün savaşmalı” olacaq.
“Reuters” yazır ki, baş nazirin mütləq qələbəsi həm də onun seçki kampaniyası zamanı verdiyi vədi yerinə yetirməsinə yol açardı. Həmin vəd seçkidən sonra Qərb sahildə yəhudi yaşayış məntəqələrinin və İordan vadisinin ilhaqını nəzərdə tutur. ABŞ Prezidenti Donald Trump-ın təqdim etdiyi sülh planında da bu maddə var.
Fələstinlilər bu təklifi rədd ediblər, bununla özlərinin Qərb sahildə və Qəzzə zolağında dövlət qurmaq arzularının məhv olduğunu deyirlər.
Koalisiya qurmaq çətinləşir
İsrailin 3 əsas telekanalı ilkin olaraq Likud və ona oxşar partiyaların 120 yerlik parlamentdə 60 yerə sahiblənəcəyini proqnozlaşdırırdı. Yenilənmiş ekzit-pollarda isə bu rəqəm 59-a düşüb. Bu halda Netanyahunun koalisiya qurmaq işi çətinləşə bilər.
Seçki kampaniyası vaxtı sağ qanad və dini partiyalar Likud-un başçılıq etdiyi hökumətə birləşmək vədi veriblər.
Netahyahu Təl Əvivdəki seçki qərargahında tərəfdarları qarşısında çıxış edərkən bu qələbəni “özəlliklə şirin” adlandırıb, “çünki bu, hər şeyə rəğmən qələbədir… Biz limonları limonada çevirdik”, – baş nazir deyib.
Gantz isə partiyasının seçki qərargahında məğlubiyyətini boynuna almasa da seçkinin daha bir çıxmazla sonuclanacağını söyləyib.
“Sizə səmimi deyim, məyusluq və ağrı hissini anlayır və paylaşıram, çünki bu, bizim istədiyimiz nəticə deyildi”, – o vurğulayıb.
Likud-un sözçüsü isə Netanyahunun hakim çoxluğu əldə edəcəyini, müxalifət düşərgəsindən deputatların bu tərəfə keçməsilə koalisiya hökuməti quracağını gözlədiyini deib.
“Dönüklər olacaq”, – Jonatan Urich “Channel 12 News”a deyib.
Netanyahu rüşvətxorluqda, inamın sarsılmasında, dələduzluqda ittiham olunur. Onun məhkəməsi martın 17-də başlamalıdır. Özü isə hansısa səhvə yol vermədiyini deyir.
Seçki kampaniyası dövründə Gantz Netanyahunu “təqsirləndirilən” adlandırıb. Netanyahu isə 60 yaşlı Gantza “qorxaq” deyib, onun hökumət formalaşdırmaq üçün parlamentdə ərəb siyasətçilərin dəstəyinə ehtiyacı olacağını vurğulayıb.