Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:32

Əfqanıstan hökuməti 5 min talibançını azad edəcəkmi


Saziş Qətərin paytaxtı Dohada imzalanıb
Saziş Qətərin paytaxtı Dohada imzalanıb

Əfqanıstan Prezidenti Ashraf Ghani Birləşmiş Ştatlar və Taliban qruplaşması arasındakı sülh sazişinin əsas komponentini sual altına alıb.

Ghani martın 1-də Kabildə brifinqdə deyib ki, onun hökuməti 5 minədək talibançı məhbusu azad etmək öhdəliyi götürməyib. Bu maddə 29 fevral razılaşmasında nəzərdə tutulub.

Qərbin dəstəklədiyi Kabil hökuməti ikitərəfli ABŞ-Taliban sazişini imzalayan tərəf deyil.

“Ortada 5 min məhbusun azad olunması öhdəliyi yoxdur”, – deyən Ghani əlavə edib ki, istənilən məhbusun azadlığa buraxılması “ABŞ hökumətinin deyil, Əfqanıstan hökumətinin səlahiyyətinə aid məsələdir”.

Ashraf Ghani
Ashraf Ghani

ABŞ Dövlət katibi Mike Pompeo martın 1-də CBS televiziyasına deyib ki, keçmişdə hər iki tərəf məhbusları azad edib və növbəti günlərdə Əfqanıstan hökuməti ilə Taliban arasında danışıqların başlanacağına ümidini bildirib.

ABŞ-Taliban sazişində deyilir ki, Vaşinqton Əfqanıstan hökumətinin saxladığı “beş minədək” talibançı məhbusun buraxılması öhdəliyi götürür, “2020-ci il martın 10-a, əfqandaxili danışıqların birinci gününədək digər tərəf də minədək məhbusu azad edir”.

Hazırda Əfqanıstanda 10 minədək talibançı məhbusun saxlandığı bildirilir.

Əsas şərt

Davamlı sülhün əsas şərti odur ki, Əfqanıstandan Birləşmiş Ştatlar, yaxud onun müttəfiqləri üzərinə hücumların təşkili üçün istifadə olunmasın. Ancaq görünür, fevralın 29-da imzalanmış razılaşmanın icrasına əngəllər az olmayacaq. Vaşinqton sülhyaratma işini Əfqanıstanda münaqişə tərəflərinin boynuna qoymaq istəyir. Ghani hökumətinin isə ölkə daxilində problemləri az deyil, seçkidə yenidən qələbə qazanması rəqibləri tərəfindən mübahisələndirir.

Çoxdan gözlənən yol xəritəsini Talibanın siyasi qanadının lideri Molla Abdul Ghani Baradar və Vaşinqtonun danışıqlarda əsas təmsilçisi Zalmay Khalilzad Qətərin paytaxtı Dohada imzalayıblar.

Razılaşmaya görə Birləşmiş Ştatlar “aidiyyatı olan bütün tərəflərlə döyüşçü və siyasi məhbusların buraxılması planı üzərində dərhal işə başlamaq” öhdəliyi götürür. Bu, qarşılıqlı inam yaratmaq tədbiri kimi izah olunur.

Ghani martın 1-də CNN-ə deyib ki, ABŞ Prezidenti Donald Trump məhbusların azad olunmasını xahiş etməyib. Onun sözlərinə görə, belə bir böyük addım üçün gərəkən siyasi konsensus mövcud deyil.

“Əfqanıstan xalqı inanmalıdır ki, biz müharibədən sülhə keçmişik, razılaşma ya Troyan atı, ya da münaqişənin daha pis mərhələsinin başlanğıcı olmayacaq”, – Ghani deyib.

ABŞ hərbçiləri “dərhal çıxmağa başlayacaqlar”

Trump isə fevralın 29-da bildirib ki, Amerika hərbçilərinin Əfqanıstandan çıxarılmasına “dərhal” başlanacaq.

“Bu gün. Onlar dərhal çıxmağa başlayacaqlar”, – Trump əsgərlərin nə vaxt çıxarılacağı sualını belə cavablandırıb.

“Heç kəs 19 ildən sonra bu razılaşmanı tənqid etməməlidir”, – deyən Trump əlavə edib ki, “elə də uzaq olmayan gələcəkdə Taliban liderləri ilə şəxsən görüşəcək”.

Razılaşmada ABŞ əsgərlərinin Əfqanıstandan çıxması üçün qrafik nəzərdə tutulur. Bunun əvəzində silahlılar müxtəlif təhlükəsizlik vədləri, həmçinin Kabil hökuməti ilə danışıqlar aparmaq öhdəliyi götürürlər. İndiyədək Taliban Kabil hökumətini Qərbin oyuncağı adlandıraraq onunla danışıqlardam imtina edib.

Bir çox ekspertlərin fikrincə, Əfqanıstan hökumətilə Talibanın danışıqları problemli ola bilər. Çünki Kabil də ekstremist qruplaşma ilə danışıqları rədd edib, onun səmimiliyi, döyüşçülərinə nəzarət qabiliyyətinə şübhəylə yanaşıb.

ABŞ ordusunun Əfqanıstanda 13 min hərbçisi var və onların sayını dərhal 8 min 600-ə salmağı planlaşdırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG