Keçid linkləri

Təcili xəbərlər
2020, 04 İyul, şənbə, Bakı vaxtı 09:11

Deputatlığa namizədin aclıq aksiyasına başladığı açıqlanıb


Siyasi fəal aclıq aksiyasına başladı
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Siyasi fəal aclıq aksiyasına başladı

«Müsavat Partiyasından Elman Quliyev fevralın 27-dən aclıq aksiyasına başlayıb».

Bunu AzadlıqRadiosuna partiyanın Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı deyib. Onun sözlərinə görə, deputatlığa namizəd seçki saxtakarlığına etiraz olaraq aksiyanı partiya qərargahında keçirir: «Elman Quliyevin tələbi təkcə özünün deputatlığa namizəd olduğu 12 saylı Qaradağ-Yasmal-Binəqədi seçki dairəsi üzrə deyil. O, fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin ölkə üzrə nəticələrinin bütünlükdə ləğv olunmasını tələb edir».

G.Aslanlı bildirib ki, E.Quliyev aclıq aksiyasında tək iştirak edir. E.Quliyevin həkim nəzarətinə götürülməsinə gəlincə isə, G.Aslanlı bunları deyib: «Hələlik, həkim nəzarətinə ehtiyac duymur. Amma buna ehtiyac yaranarsa, aidiyyəti qurumlara müraciət edəcəyik».

Bu açıqlamaya, hələlik, Mərkəzi Seçki Komissiyası (MSK) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

MSK-nın açıqlamasına görə, 12 saylı Qaradağ-Yasmal-Binəqədi seçki dairəsi üzrə isə qalib Səbinə Xasayevadır. Onun da deyilənlərə münasibətini almaq cəhdləri nəticə verməyib.

Xatırlama

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK artıq seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlamışdı. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alırdı. Seçkidən dərhal sonra da ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olmuşdu. MSK-dan deyilmişdi ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra dörd dairədə nəticələr ləğv edildi.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

XS
SM
MD
LG