Keçid linkləri

Təcili xəbərlər
2020, 08 Aprel, çərşənbə, Bakı vaxtı 06:36

DSX-dən sərhəddə 'məhdudiyyət'lə bağlı açıqlama


«Qırmızı Körpü» buraxılış məntəqəsi

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bu gün, fevralın 28-də koronavirus təhlükəsi və sərhəddəki vəziyyətlə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada Azərbaycanın dövlət sərhədindən şəxslərin və nəqliyyat vasitələrinin keçidində məhdudiyyətlərin tətbiq olunması barədə yanlış məlumatlar yayılmaqdadır.

DSX bildirir ki, Azərbaycanın həmsərhəd ölkələrlə dövlət sərhədindən vətəndaşların, sərnişin avtobuslarının, fərdi və yük nəqliyyat vasitələrinin buraxılmasında hər hansı məhdudiyyətlər tətbiq edilməyib:

«Dövlət sərhədindən buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Hazırda dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin keçidində sıxlıq halları müşahidə olunmur. Həmsərhəd ölkələrin sərhəd mühafizə orqanları ilə zəruri məlumat mübadiləsi həyata keçirilir, həmin ölkələr tərəfindən də dövlət sərhədindən buraxılış məntəqələrində tibbi profilaktik tədbirləri gücləndirilib».

Koronavirus şübhəliləri hansı şəraitdə saxlanılır? Video
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Açıqlamaya görə, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət orqanları arasında koronavirus xəstəliyinə qarşı mübarizə tədbirlərinin qarşılıqlı koordinasiyası yüksək səviyyədə təşkil olunub:

«Təcili tibbi yardım avtomobillərinin fasiləsiz fəaliyyəti…»

«Dövlət sərhədindən buraxılış məntəqələrində sanitar-karantin nəzarətinin gücləndirilməsi, koronavirus xəstəliyinə yoluxmalarına şübhələr yaranan şəxslərin aşkarlanması və tibbi təxliyəsi istiqamətində kompleks profilaktik tədbirlər həyata keçirilir. Dövlət sərhədindən buraxılış məntəqələrində tibbi personalın və təcili tibbi yardım avtomobillərinin fasiləsiz fəaliyyəti təşkil olunmuşdur. Ölkəyə daxil olan vətəndaşların hər birinin bədən hərarəti mütləq qaydada müasir tibbi texniki vasitələrdən istifadə olunmaqla yoxlanılır, hərarətinin yüksək olmasına şübhələr yaranan şəxslər daha dərinləşdirilmiş tibbi müayinələrə cəlb olunur və zərurət olduqda tibbi təxliyələri təşkil edilir…».

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.8 mini keçdiyi bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır.

Artıq bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı bildirilir. İranda azı 20-dən çox şəxsin bu virusdan öldüyü vurğulanır. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar.

Azərbaycan isə, İranla sərhədi bağlamayıb. Üstəlik, bu günlər Azərbaycandan keçərək İrandan qayıdan bir Gürcüstan vətəndaşında da koronavirus aşkarlandığı bildirilir. Azərbaycanda bəzi ekspertlər indi əhalinin sağlamlığına görə İranla sərhədin bağlanmasını vacib sayırlar.

XS
SM
MD
LG