Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 18:22

General yenə fikrini dəyişdi


Ali Məhkəmə

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general Sübahir Qurbanov yenə fikrini dəyişib. Beşinci ildir həbsdə olan sabiq MTN generalı şikayətini bir daha geri götürüb. Bu barədə fevralın 27-də Ali Məhkəmədə hakim İlqar Qılıcov məlumat verib.

Hakim bildirib ki, S.Qurbanov Ali Məhkəməyə ərizə göndərib, kassasiya şikayətini geri götürmək istədiyini çatdırıb. Bu üzdən onun şikayətinə baxılmayacaq.

Əgər şəxs şikayətdən imtina edirsə, onun işi üzrə məhkəmə baxışı dayandırılır.

S.Qurbanov bundan öncə də Ali Məhkəməyə şikayət verib, sonra geri götürmüşdü.

İ.Qılıcovun sədrlik etdiyi hakimlər kollegiyası təkcə S.Qurbanovun işinə yox, onunla birlikdə mühakimə olunmuş şəxslərin də şikayətinə baxırdı.

MTN hadisələrinə görə həbs olunan şəxslərin işi məhkəməyə göndəriləndə S.Qurbanov 10 nəfərlik qrupda digər generallar - Monitorinq Mərkəzinin rəisi olmuş Teymur Quliyev, Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş Natəvan Mürvətova və bu idarələrdə daha aşağı vəzifələrdə çalışmış zabitlərlə birlikdə mühakimə olunub. Onlardan bir hissəsinə, o cümlədən N.Mürvətovaya şərti cəza verilib. Bir neçə nəfərin həbs müddəti başa çatıb. Hazırda həbsdə qalan 5 nəfərdir.

S.Qurbanovun rəhbərlik etdiyi idarənin əməliyyatçısı olmuş Natiq Alıyev də Ali Məhkəməyə şikayət verib. Fevralın 27-də onun şikayətinə qapalı baxılıb. Onun işi üzrə məhkəmə martın 6-na qalıb.

Xatırlatma

Sübahir Qurbanov 2015-ci ilin oktyabrında MTN-də keçirilən və nazirliyin 20-dən artıq vəzifəlisinin saxlandığı əməliyyat nəticəsində tutulub.

O, iş adamlarının MTN-ə gətirilərək onlardan hədə ilə pul alınması, vəzifədən sui-istifadə etmə, qanunsuz dinləmələr və başqa ittihamlarla 14 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun bir sıra əmlakları müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Natiq Alıyevə isə 10 il 6 ay həbs cəzası kəsilib.

Onların heç biri özünü təqsirli bilmir.

XS
SM
MD
LG